Azərbaycan növbəti dəfə mühüm beynəlxalq tədbirə ev sahibliyi edir.
Bu dəfə ölkəmiz Ümumdünya Şəhərsalma Forumuna (WUF13) qatılan qlobal iştirakçıları qəbul edir və forumun yüksək səviyyədə təşkilinə ev sahibliyi ilə öz töhfəsini verir. WUF13 şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya sahələrində dünya ölkələrinin təcrübə mübadiləsi aparması üçün geniş imkanlar yaradan nüfuzlu beynəlxalq platforma kimi çıxış edir.
Milli Məclisin deputatı Aydın Hüseynov Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanın coğrafi mövqeyi ölkəni regionda mühüm nəqliyyat və iqtisadi qovşaqlardan birinə çevirən əsas amillərdən hesab olunur:

“Bu üstünlük sayəsində bir sıra ölkələr Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq göstərir, xüsusilə ticarət, enerji və logistika sahələrində əlaqələr getdikcə daha da güclənir. Bakıda keçirilən beynəlxalq səviyyəli tədbirlər isə müxtəlif dövlətlərdən nümayəndələrin bir araya gəlməsinə imkan yaradaraq yeni iqtisadi və diplomatik körpülərin qurulmasına şərait yaradır. Bu proses həm də Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir”.
Həmsöhbətimizin dediyinə görə, ölkənin Xəzər dənizinə çıxışı onun tranzit potensialını xeyli artıran strateji üstünlüklərdən biridir:
“Dəniz üzərindən həyata keçirilən yük daşımaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr Azərbaycanın regional nəqliyyat sistemində rolunu daha da gücləndirir. Bu infrastruktur imkanları ölkənin iqtisadi dinamikasını artırmaqla yanaşı, onu Avropa və Asiya arasında mühüm logistik körpüyə çevirir. Nəticə etibarilə, mövcud iqtisadi və nəqliyyat potensialı Azərbaycanın uzunmüddətli inkişafını dəstəkləyir və beynəlxalq əməkdaşlıq üçün daha geniş imkanlar açır”.
Günel Cəlilova

