Avtomobil yolda xarab olsa: Birinci nələr etməliyik?

AVTO
11:45 / 18.06.2026
159

Magistral yollarda avtomobilin gözlənilmədən nasazlıq səbəbindən dayanması ən riskli hallardan biri hesab olunur. 

Belə vəziyyətlərdə həm sürücü, həm də digər hərəkət iştirakçıları ciddi təhlükə ilə üz-üzə qalırlar. Qeyd edək ki, yüksək sürətlə hərəkətin davam etdiyi magistrallarda yol kənarında qalan nəqliyyat vasitələri qəza riskini daha da artırır.

Bu təhlükənin acı nəticələrindən biri bu günlərdə Bakı–Sumqayıt magistralında qeydə alınıb. Baş verən hadisə yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməyin və fövqəladə hallarda düzgün davranışın vacibliyini bir daha gündəmə gətirib.

Məlumata görə, hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhra Mehdiyevanın idarə etdiyi motosiklet hərəkət zolağının kənarında nasaz vəziyyətdə qalmış avtomobilə çırpılıb. Hadisə sürücülərin belə hallarda görməli olduqları təhlükəsizlik tədbirləri barədə maarifləndirmənin daha da gücləndirilməsinin vacibliyini göstərir.

Maraqlıdır, magistral yolda avtomobil anidən nasazlıq səbəbindən dayandıqda ilk növbədə hansı təhlükəsizlik tədbirlərini görmək mütləqdir?

Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a açıqlamasında deyib ki, yolda avtomobil qəfil nasaz vəziyyətə düşərsə, sürücü nəqliyyat vasitəsini yolun sağ kənarına çəkməli və qəza işıqlarını yandırmalıdır: 

402013

“Hər bir avtomobildə olan qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxasında, digər sürücülərin onu vaxtında görə bilməsi üçün təxminən 10-15 metr məsafədə yerləşdirilməlidir. Bu, arxadan gələn avtomobillərin əvvəlcədən xəbərdar olaraq təhlükəsiz manevr etməsinə imkan yaradır”. 

Ekspert onu da əlavə edib ki, sürücü və ya avtomobildə olan digər şəxs nəqliyyat vasitəsinin yanında dayanaraq digər hərəkət iştirakçılarına avtomobilin nasaz və ya qəzalı vəziyyətdə olduğunu işarələrlə bildirə bilər: 

“Digər sürücülər də müəyyən edilmiş sürət həddinə ciddi əməl etməlidirlər. Məsələn, sürət həddinin 60 km/saat olduğu yolda 100 km/saatla hərəkət etmək təhlükəli olmaqla yanaşı, yol hərəkəti qaydalarının pozulması hesab olunur”.

Günel Cəlilova

0