232 min manatlıq heyvan “ticarəti” həbslə nəticələndi

ÖLKƏ
22:55 / 24.06.2026
47

İri və xırda buynuzlu heyvanların saxlanması və satışı ilə bağlı etibardan sui-istifadə və mənimsəmə faktı üzrə cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Hit.az xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs 2021-ci ildən etibarən tanışı ilə əldə olunmuş razılaşma əsasında Bərdə rayonundan olan zərərçəkmiş şəxsə məxsus iri və xırda buynuzlu heyvanların Sabirabad və Yevlax rayonları ərazisində saxlanılmasını və əldə olunacaq gəlirin bölüşdürülməsini öhdəsinə götürüb.

Lakin araşdırmalarla müəyyən edilib ki, müxtəlif fermalarda saxlanılan mal-qara — o cümlədən xırda və iri buynuzlu heyvanlar və atlar — sonradan etibardan sui-istifadə edilərək üçüncü şəxslərə satılıb və əldə olunan vəsait şəxsi məqsədlərə xərclənib.

Nəticədə ümumilikdə 152 baş xırda buynuzlu, 87 baş iri buynuzlu heyvan və 3 baş atın satılması ilə zərərçəkmiş şəxsə 232 min 280 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinib və 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Abbas 

0