“Təkcə ekoloqlar deyil, hər kəs yaşadığımız planetin gələcəyi üçün ciddi məsuliyyət daşıyır”.
Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, qlobal istiləşmənin təsirləri artır:
“İqlim dəyişikliyinin fəsadları hər gün daha artıq hiss olunmağa başlayıb. Əhali artır, su mənbələri quruyur, meşə zolaqları azalır. Əkinə yararlı torpaqların şoranlaşması ciddi problemə çevrilib. Quraqlıq və şoranlaşma ərzaq təhlükəsizliyini risk altına salır.
Qlobal iqlim böhranının təsirlərinin minimuma endirilməsi dövründə qarşıda duran mühüm vəzifələrdən biri də ekoloji şüurun yüksəldilməsidir.
Ekoloji tərbiyə öncə uşaq bağçalarından və məktəblərdən başlamalıdır. Yaxşı olar ki, orta məktəblərdə ayrıca “Ekologiya” fənni tədris olunsun. Ali məktəblərdə ekoloji şüurun yüksəldilməsinə böyük önəm verilməlidir”.
Elman Cəfərli vurğulayıb ki, ekoloji maarifləndirmənin başqa bir və mühüm sahəsi də sənədli filmlərin çəkilməsidir:
“Azərbaycanda bu mövzuda çəkilmiş sənədli film, sosial çarx və rəqəmsal media məhsullarının sayı çox deyil. Halbuki çağdaş dünyamızda ictimai davranışın dəyişməsində ən güclü vasitələrdən biri məhz vizual təbliğat hesab edilir.
2023-cü ildə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dar ağacında buxarlanan Urmu gölü” sənədli filmini ərsəyə gətirib. Filmin sosial şəbəkə linkini Güney Azərbaycanda, Türkiyədə, Avropada, Amerikada yaşayan güneylilərə göndərdik. Faktlarla və ekspert rəyləri ilə zəngin olan bu film Urmu gölü ilə bağlı dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərdə nümayiş etdirilir”.
Ekspert hesab edir ki, ekoloji problemlər artıq təkcə ekoloqların, bioloqların, aqronomların, aqrar elmlər üzrə alimlərin düşünəcəyi, məşğul olacağı məsələ deyil:
“Dünyanın gələcəkdə yaşanası bir yer olaraq qalmasını istəyiriksə, hamı bu prosesdə-ekoloji maarifləndirmədə iştirak etməli, bu işə öz töhfəsini verməlidir. İqlim dəyişikliyi, quraqlıq, su qıtlığı, meşələrin azalması, biomüxtəlifliyin itirilməsi və ətraf mühitin çirklənməsi artıq digər peşə sahiblərini: rejissorları, aktyorları, idmançıları da düşündürməli, qayğılandırmalıdır.
Heç kim bəşəriyyətin gələcəyinə biganə qalmamalıdır. Gələcək bugünümüzdən asılıdır. Yaşıllıqları, su mənbələrini qorumasaq, ətraf mühiti təmiz saxlamasaq gələcəyimizi məhv etmiş oluruq”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu işin əlacı insanlarda ekoloji şüuru yüksəltməkdən keçir:
“Bunun yolu isə ekoloji maarifləndirmədən, ekoloji tərbiyələndirmədən keçir. İri yayım şirkətləri, prodakşnlar bu işə pul ayırmalı, müsabiqələr elan olunmalı, məşhur sənət adamları insanların şüuruna təsir edən, davranışına yön verən sənət əsərləri ərsəyə gətirməlidir. Elə bir dövrdə yaşayırıq ki, insanlar kitab oxumur, ancaq videoya baxır.
Məlumat vermək kifayət etmir, təsir göstərmək lazımdır. Ekoloji problemlərlə bağlı statistik məlumatlar, konfranslar və rəsmi çıxışlar vacibdir. Ancaq insanlar daha çox gördüklərini xatırlayır, hiss etdiklərinə inanır və emosional təsir bağışlayan məzmunlardan nəticə çıxarırlar”.
Ekoloq onu da əlavə edib ki, “vizual təsir” və ya “ekran dövrü”ndə yaşayırıq:
“İndiki dövrdə insanlara daha çox qısa video - məzmunlarla təsir edə bilərik. Çəkilən video-çarxlarla, sənədli filmlərlə insanları su ehtiyatlarına qənaətə, ətraf mühiti qorumağa səsləmək olar.
Ancaq fikrimcə, ekoloji maarifləndirmədə ən təsirli metod şəxsi nümunədir. Məsələn, tanınmış sənət adamları, idmançılar, jurnalistlər yaşıl nəqliyyatı, ekoloji çantaları reklam edə, bununla bağlı çəkdikləri məzmunları öz sosial şəbəkə hesablarında yaya bilərlər. Bu cür addımlar ictimai şüura ciddi təsir edə bilər”.
Elmir Mustafa



