“Məmurlar bilməlidir ki, artıq toxunulmaz olan yoxdur” - Deputat

SİYASƏT
13:11 / 11.05.2020
1088

İcra başçılarının həbsilə başlayan rüşvət və korrupsiayaya qarşı mübarizə artıq mərkəzi icra hakimiyyəti orqanlarına sıçrayıb. Dövlət Təhlükəsizlik Xidmətinin bir neçə gün əvvəl Mədniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyat buna nümunə sayıla bilər. Prosesin nazirliklər səviyyəsində davam edəcəyi ehtimal olunur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Sabir Hacıyev də Yenisabah.az-a açıqlamasında bildirib ki, məmurlar yenil tələblərə uyğunlaşmayınca cəmiyyət həbslərin şahidi olacaq. “Prezident çıxışlarında dəfələrlə bəyan edib ki, dövlət strukturları, məmurlar fəaliyyətini islahatlara uyğun şəkildə qurmalıdır. Bu baş verməyəcəksə, təbii ki, həbslər də olacaq”, - deyə deputat vurğulayıb.

Sabir Hacıyev əlavə edib ki, əvvəllər də Azərbaycanda rüşvət və korrupsiaya qarşı mübarizə aparılıb. Lakin son illər bu mübarizə daha güclənib: “Artıq proses yüksək vəzifəli şəxslərin həbsləri müşaiyət olunur. İcra başçılarının həbsi buna misal ola bilər. Eyni zamanda mərkəzi icra hakimiyyəti orqanları barədə də siqnallar gəlir və dövlət də müvafiq tədbirlər görür. Məsələn, bir neçə gün əvvəl Mədəniyyət Nazirliyində əməliyyat keçirilib və qurumun rəhbərliyinə daxil olan şəxslər həbs edilib.

Qəribədir ki, baş verənlərdən nəticə çıxarmayanlar var və onlar yenə də köhnə üsulla işləyirlər. Görünür, başqa üsül bilmirlər. Amma belə məmurlar bilməlidir ki, artıq toxunulmaz olan yoxdur. Hesab edirəm ki, dövlət idarəçiliyində neqativ hallara qarşı mübarizə davam edəcək və nailiyyətlər əldə olunacaq, idarəetmədə müsbətə doğru dönüş olacaq”.

0