Mobil telefon lazımlı olduğu qədər zərəri də var - Psixoloq

21:12 / 09.02.2024
618

Mobil telefon böyük-kiçik, zəngin, kasıb - hər kəsin həyatının ayrılmaz parçasına çevrilib.

Mobil telefonun üstünlükləri ilə bərabər, onun insan orqanizmində yaratdığı və yaxud da yarada biləcəyi fəsadlar çox müzakirə olunub.

Lakin mobil telefon şirkətləri bazara çıxardıqları malları bir ucdan təkmilləşdirir, insanlar isə daha komfortlu mobil telefonların istifadəsində maraqlı olur.

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında qeyd edib ki, mobil telefonlar insan həyatında təlaş, həyəcan və bu kimi halların yaranmasında aktiv rol oynayır: 

“Bir çox insanlarda mobil telefonlardan dolayı bir həyəcan pozuntusu formalaşmağa başlayıb. Məsələn, telefonu daim yanlarında saxlayırlar. Hətta bəzi insanlar yuyunanda belə telefonu özü ilə hamam otağına aparırlar ki, birdən zəng gələr. Araşdırmalar da onu göstərir ki, insanlara gələn zənglərin yetmiş faizi həyəcan xarakterli, təcili çağırışlarla bağlı olur. Digər tərəfdən, kiminsə nəsə bir problemi olanda zəng vurur. Bu səbəblərdən də bəzən adamlar telefona zəng gələndə narahat olmağa başlayırlar.

Düşünməyə başlayırlar ki, görəsən evdə nə olub, nəsə problem var? Elə insanlar da var ki, gecə saat 23.00-dan sonra gələn bütün zənglərə qarşı aqressiv və gərgin olurlar. Bütün bunlar onu göstərir ki, informasiyanın xüsusən mobil zənglər vasitəsilə belə tez ötürülməsi, insanların psixikasında müəyyən narahatlıq və problemlər yaradır”.

Psixoloq onu da əlavə edib ki, mobil telefondan çox istifadə yuxu sisteminə də mənfi təsir göstərir:

“Nəzərə almaq lazımdır ki, bu gün yuxu sisteminin pozulması da problem olaraq qalır. Və yuxu sisteminin pozulmasına təsir göstərən amillərdən biri də heç şübhəsiz, insanların axşamlar mobil telefonla daha çox zaman keçirməsidir".

Sevinc

0