Ukraynanın zərbələri Rusiyanın iqtisadi artımını ləngidir - Neft emalı 18 faiz azalıb

DÜNYA
13:48 / 13.11.2026
36

Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına, logistika mərkəzlərinə və digər sənaye obyektlərinə endirdiyi zərbələr ölkə iqtisadiyyatına təsir göstərir. İstehsal güclərinin sıradan çıxması, yanacaq qıtlığı və inflyasiya təzyiqi Rusiyanın iqtisadi artım tempini zəiflədir.

HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

İqtisadçıların hesablamalarına görə, Rusiyanın ümumi daxili məhsulu (ÜDM) 2026-cı ilin üçüncü rübündə illik müqayisədə 0,9 faiz artıb. Halbuki ikinci rübdə bu göstərici 1,3 faiz təşkil edib. Artım tempinin aşağı düşməsi Rusiya Mərkəzi Bankının pilotsuz uçuş aparatlarının hücumlarının bir sıra sahələrdə istehsal imkanlarını azaltdığı barədə əvvəlki xəbərdarlıqları ilə üst-üstə düşür.

Ukraynanın neft emalı zavodlarına və logistika infrastrukturuna hücumları yanacaq istehsalında ciddi geriləməyə səbəb olub. Məlumata görə, Rusiyada neft emalının həcmi üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azalıb. Bu, 2020-ci ildən bəri müqayisə edilə bilən rüblük göstəricilər arasında ən kəskin enişdir.

Yanacaq istehsalının azalması hasilat sənayesindəki geriləməni dərinləşdirib, topdansatış ticarətində də mənfi dinamika yaradıb. Ukrayna zərbələri neft terminallarına və liman infrastrukturuna da ziyan vuraraq Rusiyanın ixrac imkanlarına təsir göstərib.

Oxford Economics-in iqtisadçısı Tatyana Orlova Qara və Azov dənizləri hövzəsində müharibənin genişlənməsinin də iqtisadi artıma mənfi təsir etdiyini bildirib. Onun sözlərinə görə, Qara dəniz vasitəsilə xam neft ixracının azalmasının səbəblərindən biri məhz bu gərginlikdir.

İqtisadiyyatda digər narahatedici məqam istehlak tələbinin zəifləməsidir. Üçüncü rübdə bu göstəricinin illik artımı 4,2 faizə düşüb. Halbuki əvvəlki rübdə 7,2 faiz təşkil edirdi. Eyni zamanda qiymətlər yüksəlir, əməkhaqlarının artım tempi zəifləyir, biznes isə bahalaşan kreditlər və artan xərclərlə üzləşir.

Yanacağın bahalaşması müxtəlif məhsul və xidmətlərin qiymətinə də təsir edir. İqtisadçıların proqnozuna əsasən, Rusiyada illik inflyasiya sentyabrda 6,35 faiz olduğu halda, oktyabrda 7,07 faizə yüksələ bilər. Beləliklə, ölkənin inflyasiyanı 4 faizlik hədəfə qaytarmaq planı daha da çətinləşir.

Bununla yanaşı, Rusiya hökuməti hərbi xərcləri azaltmaq niyyətindən geri çəkilərək müdafiə büdcəsini yüksək səviyyədə saxlamağı planlaşdırır. 2027-ci il büdcə layihəsində hərbi xərclər üçün 205 milyard dollar nəzərdə tutulub. Bu siyasət büdcə kəsirinin artması ilə müşayiət olunur.

Oxford Economics-in iqtisadçısı Tatyana Orlova Rusiyanın gələn il ÜDM artımının 1,4 faiz, 2028-ci ildə isə 1,9 faiz olacağına dair rəsmi proqnozlarını həddindən artıq nikbin hesab edir. Onun fikrincə, sərt pul-kredit siyasəti və büdcə kəsirini azaltmaq planları hökumətin iqtisadi artım hədəfləri ilə uzlaşmır.

Ukrayna Maliyyə Analitikləri Cəmiyyətinin üzvü, Ukrayna Milli Bankı Şurasının keçmiş üzvü Vitali Şapran isə bildirib ki, Rusiya iqtisadiyyatının həssas nöqtələrinə hücumlar güclənərsə, 2027-ci ildə ölkəni ciddi iqtisadi böhran gözləyə bilər. Onun qənaətinə görə, belə vəziyyət Kremlin müharibəni indiki intensivlikdə davam etdirmək imkanlarını məhdudlaşdıra bilər.

Samir

0