Dağlıq ərazilərdə əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və bölgələrdən paytaxta köçün qarşısının alınması üçün kommunal güzəştlərin tətbiqi gündəmə gəlib.
Xüsusilə qaz və elektrik enerjisi üzrə istehlak limitlərinin ləğvi, ödənişlərdə güzəştli tariflərin müəyyənləşdirilməsi təklif olunur. Bu addımın ucqar dağ kəndlərində yaşayan ailələrin xərclərini azaltmaqla yanaşı, həmin ərazilərdə məskunlaşmanın qorunmasına da təsir göstərə biləcəyi bildirilir. Bəs təklif olunan kommunal güzəştlərin yaxın vaxtlarda tətbiqi mümkündürmü?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, dağlıq rayonlarda yaşayan əhali üçün kommunal güzəştlərin tətbiqi real və vacib təklifdir:

“Lakin bu güzəştlərin yaxın vaxtlarda qüvvəyə minəcəyini indidən söyləmək çətindir. Çünki bunun üçün ilk növbədə iqtisadi əsaslandırma aparılmalı, güzəştlərin dövlət büdcəsinə hansı həcmdə əlavə yük yaradacağı hesablanmalıdır. Eyni zamanda, hansı yaşayış məntəqələrinin dağlıq ərazi hesab ediləcəyi və güzəştlərin kimlərə şamil olunacağı dəqiqləşdirilməlidir”.
Ekspert hesab edir ki, bu təklifə müsbət yanaşmaq lazımdır:
“Çünki dağ kəndlərində yaşayan insanlar Bakı və aran rayonları ilə müqayisədə daha çox kommunal xərc çəkirlər. Bəzi ərazilərdə ilin 7-8 ayı evlərin qızdırılmasına ehtiyac yaranır. Bu isə ailələrin büdcəsinə ciddi təsir göstərir. Qaz və elektrik enerjisi üzrə limitlərin aradan qaldırılması, yaxud güzəştli tariflərin tətbiqi həmin ailələrin xərclərini azalda bilər”.
Həmsöhbətimiz onu da əlavə edib ki, bu məsələ təkcə sosial müdafiə deyil, həm də regional inkişaf və demoqrafik siyasət baxımından əhəmiyyətlidir:
“İnsanların doğma kəndlərini tərk edərək Bakıya köçməsinin səbəblərindən biri də yaşayış xərclərinin yüksək, iqtisadi imkanların isə məhdud olmasıdır. Kommunal güzəştlər bu problemi tam həll etməsə də, dağ kəndlərində yaşamağı müəyyən qədər cəlbedici edə bilər. Bununla belə, güzəştlərlə yanaşı, həmin ərazilərdə iş yerlərinin yaradılması, yolların, məktəblərin və səhiyyə xidmətlərinin yaxşılaşdırılması da vacibdir”.
Sevinc


