NATO mümkün müharibədə aviasiya yanacağı çatışmazlığı ilə üzləşə bilər

DÜNYA
14:45 / 13.11.2026
47

NATO yaxın on ildə genişmiqyaslı müharibə baş verəcəyi təqdirdə ciddi aviasiya yanacağı çatışmazlığı ilə üzləşə bilər. Neft emalı güclərinin azalması və fosil yanacaqlardan imtina alyansın enerji təhlükəsizliyi baxımından zəifliklər yaradır.

HİT.az xəbər verir ki, bu barədə “Politico” nəşri NATO-nun Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzinin hesabatına istinadən məlumat yayıb.

Hesabatda bildirilir ki, qarşıdakı onillikdə Avropa ölkələrinin də cəlb olunduğu, Şimali Amerika müttəfiqlərinin dəstəyinin artdığı genişmiqyaslı münaqişə aviasiya yanacağına tələbatı kəskin yüksəldə bilər. Mövcud ehtiyatların isə belə bir ssenaridə yaranacaq tələbatı ödəmək üçün kifayət etməyəcəyi ehtimal olunur.

Mütəxəssislərin fikrincə, fosil enerji mənbələrindən mərhələli imtina və neft emalı müəssisələrinin istehsal güclərinin azaldılması alyans üçün ciddi risklər yaradır. Bu amillər mümkün hərbi qarşıdurma zamanı yanacaq təminatında problemlərə səbəb ola bilər.

Mərkəzin nümayəndəsi nəşrə açıqlamasında hesabatın NATO daxilində kifayət qədər yüksək səviyyədə və alyansın müxtəlif strukturlarında yayıldığını bildirib.

“Politico” vurğulayır ki, sənəd tədqiqatçıların müstəqil mövqeyini əks etdirir və NATO-nun rəsmi mövqeyi hesab olunmur.

Avropalı rəsmilərdən biri isə neft emalı güclərinin artırılması məsələsinin hələ də açıq qaldığını bildirib. Onun sözlərinə görə, NATO-nun bu istiqamətdə istehsal imkanlarını necə genişləndirə biləcəyi sualına hazırda konkret cavab yoxdur.

Samir

0