Süni intellekti həmsöhbət kimi qəbul edən və emosional dəstək üçün ona müraciət edən insanlar zamanla real ünsiyyətdən uzaqlaşa bilərlər. Bu isə emosional asılılıq riskini artırmaqla yanaşı, tənhalıq hissini də gücləndirə bilər.
HİT.az xəbər verir ki, bu barədə psixologiya üzrə fəlsəfə doktoru, dosent və praktik psixoloq Yelena Skripaçova “RT”yə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, süni intellekt sistemlərinin mehriban və mühakimə etməyən cavabları istifadəçidə qəbul olunmaq və dəstəklənmək hissi yaradır. Belə sistemlər istifadəçidən yorulmur və adətən müsbət ünsiyyət qurmağa çalışır. Nəticədə insan zamanla yaxınlarından da eyni dərəcədə qeyd-şərtsiz dəstək gözləyə bilər. Qarşı tərəfin etirazı və ya tənqidi isə ona daha ağır təsir göstərə bilər.
Psixoloq hesab edir ki, yalnız süni intellektlə ünsiyyət qurmaq insanın güzəştə getmək, fikir ayrılıqlarını həll etmək və münasibətlərdə kompromis tapmaq bacarıqlarının inkişafına mane ola bilər.
Skripaçova emosional asılılığın mümkün əlamətləri sırasında yaxın insanlarla ünsiyyətdən imtina etməyi, süni intellektdən istifadə etmək imkanı olmadıqda narahatlıq keçirməyi və hər məsələ ilə bağlı ona müraciət etmək vərdişini göstərib.
Onun fikrincə, narahatlıq, depressiya və sosial təcridə meyilli insanlar bu baxımdan daha həssas qrup hesab oluna bilərlər. Xüsusilə yeniyetmələrə diqqət yetirilməlidir. Çünki şəxsiyyətin formalaşdığı dövrdə virtual ünsiyyət onların özləri və ətraf aləm haqqında təsəvvürlərinə təsir göstərə bilər.
Bununla belə, mütəxəssis süni intellektdən istifadənin özlüyündə problem olmadığını vurğulayıb. Texnologiya konkret tapşırıqların həlli, biliklərin artırılması və müəyyən bacarıqların məşq etdirilməsi üçün faydalı vasitə ola bilər. Əsas məsələ onun canlı münasibətləri əvəz etməsinə imkan verməməkdir.
Psixoloqun sözlərinə görə, süni intellektdən istifadə imkanı olmadıqda yaranan narahatlıq, eləcə də yuxunun, fiziki aktivliyin, hobbilərin və insanlarla ünsiyyətin ikinci plana keçməsi texnologiya ilə münasibətə yenidən nəzər salmaq üçün xəbərdarlıq siqnalı ola bilər.
Samir


