Cütlüklər ailə qurarkən nikah müqaviləsi niyə bağlamır?

SOSİAL
21:05 / 20.05.2024
588

Son illər məhkəmələrdə baxılan mülki mübahisələrin böyük qismi ailə münaqişələrindən qaynaqlanmaqla əmlak xarakterlidir.

Belə münaqişələrin əksəriyyəti isə boşanmalar zamanı meydana çıxır.

Statistika göstərir ki, Azərbaycanda boşanmaların sayı ilbəil artmaqdadır.

Belə olan təqdirdə boşanmadan sonra əmlak bölgüsü və aliment tutulması ilə əlaqədar tərəflər az qala düşmənə çevrilir. 

Maraqlıdır, Azərbaycanda niyə nikah müqaviləsi bağlanılmır? 

Sosioloq Fatimə Hacıbəyli bildirib ki, nikah müqaviləsi əmlakın kimin mülkiyyətinə verilməsini, ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısını ala bilər:

"Vətəndaşlarımız nikah müqaviləsinin xoş olmayan məsələlərdə istifadə edilə biləcəyini düşünürlər. Yəni müqavilə faktiki olaraq, problemlər yarandıqdan, boşanmadan sonra əmlak mübahisələri tənzimləmək üçün istifadə edilir. Ailə yüksək mənəvi hisslər, sevgi üzrə qurulur və pozitiv bir prosesdir. Və bu prosesə neqativ hesab olunan çalarlar qatmaq istəmirlər. Yəni bəri-başdan boşanma kimi neqativ hallar və onun nəticələrini tənzimləmək barədə insanlar ailə quran ərəfədə danışmaq, fikirləşmək istəmirlər. Halbuki, qanunvericiliyə görə, nikah müqaviləsi həm nikah dövründə, həm də nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edir”.

Sevinc

0