İcra nümayəndəsi yalnız yaşadığı küçəni asfaltlatdırıb - FOTO/VİDEO

ÖLKƏ
20:37 / 10.10.2024
354

Xəzər rayonu Türkan qəsəbəsində iki şəhid ailəsinin yaşadığı küçə 30 ildən çoxdur asfaltlanmır. Söhbət qəsəbənin Qasım İsmayılov və Poçt küçələrinin kəsişməsindən gedir. Asfaltı olmayan yolda payız, qış aylarında hərəkət etmək çətinləşir. Yağış suları yolda palçıq və gölməçələr yaradır. İllərdir bununla bağlı yerli bələdiyyə, icra nümayəndəsinə Xəzər Rayon İcra Hakimiyyətinə müraciətlər olunsa da, problem həll edilməmiş qalıb.

Bəs icra nümayəndəsinin yaşadığı küçə?

Maraqlısı isə budur ki, sözügedən qəsəbənin başqa bir küçəsində yaşayan Türkan qəsəbə ərazi nümayəndəsi Əli Quliyevin ikimərtəbəli evinin qarşısındakı yol asfaltlanıb.

Uzağı 3 ay ərzində...

Məsələ ilə bağlı icra nümayəndəsi Əli Quliyevlə əlaqə saxlanılıb. Bizim.media-ya açıqlama verən qurum rəsmisi şəhid ailələrinin evinin yerləşdiyi küçənin 3 ay ərzində asfaltlanacağına söz verib:

"Bu yaxınlarda da özüm şəxsən məsafəni ölçüb aidiyyəti quruma məlumat vermişəm. Uzağı 3 aya küçəyə asfalt yol çəkiləcək".

"Bəs 30 ildir niyə asfaltlanmırdı?" - sualına gəlincə, Əli Quliyev bunları deyib:

"Həmin küçə dövlət layihəsinə salınıb. Bu günə qədər çəkilməməsi bizim yox, yolun problemidir".

O zaman icra nümayəndəsinin yaşadığı küçə niyə asfaltlanır?

Əli Quliyevin buna da maraqlı cavabı olub. O, deyib ki, yaşadığı küçənin asfaltlanması özü üçün deyil.

"Mənim yaşadığım küçədə əlil var, ona görə asfaltlanıb. Digər küçədə şəhid ailələrinin olduğunu bilirəm. Ora da asfaltlanacaq", - deyə fikrini sonlandırıb.

0