“Türk Söhbəti”nin buhəftəki qonağı təhlükəsizlik məsələləri üzrə analtik Hurşit Dingildir.
Onunla ABŞ-İran müharibəsini müzakirə etdik. Müharibənin nə üçün dayandırıla bilmədiyi, savaşın noyabrda bitmə ehtimalı, tərəflərin ziddiyyətli bəyanatları kimi məsələlərdən danışdıq...
- Hurşit bəy, ABŞ Prezidenti Donald Tramp İran müharibəsinin aralıq seçkilərdən sonra başa çatacağını bildirdi. Sizcə, bu müharibə həqiqətən də noyabrda bitə bilərmi?

- Müharibənin daha çox xronikiləşən bir xarakter alacağını düşünürəm. Bu çərçivədə, uzun müddətə yayılmış, hədəfəalınmış hava zərbələrinin davam etdiyi aşağı profilli bir gərginlik modeli ön plana çıxa bilər.
Digər tərəfdən, döyüş sursatı sərfiyyatı və ehtiyatların tükənməsi də ABŞ üçün mühüm məhdudiyyət sahələrindən biridir. Üstəlik, bu vəziyyət ABŞ-nin müharibəni bir an əvvəl bitirməli olduğu iradəsini möhkəmləndirir. Lakin mövcud şərtlər müharibənin çıxılmaz vəziyyətə girdiyinə işarə edir.
- Əgər noyabrda savaşın bitmə ehtimalı yoxdursa, Tramp nə üçün belə bir bəyanat verdi?

- Çünki ABŞ lideri çıxılmaz vəziyyətə düşüb. Hətta deyərdim ki, həm İran, həm də ABŞ üçün müharibənin çıxılmaz hala girdiyini demək mümkündür. Tərəflər bu 6 aylıq müddətdə bir-birlərinin zəif tərəflərini və limitlərini sınaqdan keçirdilər. Bir tərəfdən danışıqlar meyilləri davam edərkən, digər tərəfdən hərbi seçimlərə müraciət etməyə davam edirlər.
Ümumi mənzərəyə baxıldıqda, ABŞ-nin başlanğıcda müəyyən edilmiş siyasi, hərbi və nüvə hədəflərinə çata bilmədiyi və bununla yanaşı, hər keçən gün müharibənin xərclərinin artdığı qiymətləndirilir. Həmçinin, bu vəziyyət də rasional qərar qəbul edənlər üçün müharibəni bir an əvvəl bitirmək iradəsini ortaya qoyur.
- Ümumiyyətlə, Trampın İran müharibəsi ilə bağlı ziddiyyətli bəyanatlarına səbəb nədir?
- Həqiqətən də Trampın 6 aylıq müddətdə müharibəyə dair bəyanatlarında ziddiyyətlər olduğu anlaşılır. Bu ziddiyyətlər də müharibənin gedişatını qeyri-müəyyən hala gətirir. Qeyri-müəyyən olan bu mənzərə bir baxımdan qısamüddətli dövrdə neft qiymətlərinin manipulyasiyasına səbəb olur.
Trampın əvvəlki bəyanat modellərini və müharibənin 6 aylıq gedişatını nəzərə aldıqda, bu bəyanatların necə bir təmələ əsaslandığını anlamaq mümkündür. Buna baxmayaraq, İran tərəfinin də Trampın bəyanat və sözlərini ardıcıl olaraq təkzib etdiyi görünür.

- Bəli, İran tərəfindən verilən bəzi açıqlamaları da ABŞ təkzib edir...
- Yəni oxşar vəziyyət İran üçün də keçərlidir. ABŞ tərəfinin də İranı ardıcıl olaraq təkzib etdiyi görünür və danışıqlara dair bəyanatların çox vaxt psixoloji üstünlüyü ələ keçirmək məqsədi daşıdığı qiymətləndirilir. Bununla yanaşı, tərəflərin danışıqlar proseslərində qəsdən qeyri-müəyyənlik yaratması da müşahidə olunan başqa bir vəziyyətdir.
Beləliklə, tərəflərin həm meydanda, həm də masada qazanc və güzəştlərini balanslaşdırmağa çalışdıqları anlaşılır. Bənzər şəkildə münaqişədə gərginliyin zaman-zaman zorakılığa əl atılması yolu ilə artırılması, zaman-zaman da zorakılıq səviyyəsinin qarşılıqlı olaraq enməsi sözügedən qazanc və güzəşt sahələrini balanslaşdırma cəhdlərinə işarə edir.
- Maraqlıdır, ABŞ-İran müharibəsinin tamamilə bitməməsinin əsas səbəbini nədə görürsünüz?

- İran müharibəsinin bitməməsinin əsas səbəbi də yenə bu qazanc və güzəşt sahələri üzərindən izah edilə bilər. ABŞ başlanğıcda müəyyənləşdirdiyi hədəflərə çata bilməmiş, İran da 40 günlük toqquşma və 6 aylıq münaqişə müddətində bərpası asan olmayan böyük zərərlər alıb. Oxşar şəkildə ABŞ də bu prosesdə müharibənin artan xərcləri ilə üzləşib.
Tərəflərin həm hədəflərinə çata bilməmələri, həm də xərclərə qarşılıq qazanc sahələrini inkişaf etdirə bilməmələri, hətta xərcləri kompensasiya edə bilməyib güzəştə getmələri münaqişənin xroniki bir xarakter almasına səbəb olub. Bu vəziyyət də nəticə etibarilə münaqişənin bitməməsini stimullaşdırmışdır.
- Bəs ABŞ nə üçün aylardır İranı tam məğlub edə bilmir?

- Əgər mövcud münaqişənin sərhədlərini çəksək, Körfəz ölkələrinin hava hücumundan müdafiə zəiflikləri, İranın balistik raket tutumu, eyni zamanda bölgədəki kritik obyektlərin təhlükəsizlik zəiflikləri ABŞ-nin İrana yönəlik hərbi seçimlərini məhdudlaşdırır.
Buna əlavə olaraq, döyüş sursatı ehtiyatlarının tükənməsi böhranı və münaqişənin uzunmüddətli dövrdə iqtisadi-hərbi xərcləri münaqişədə ABŞ tərəfinin limitlərini formalaşdırır.
Digər tərəfdən, İran tərəfində isə müharibənin yüksək iqtisadi xərcləri, dağıntı mənbəli bərpası çətin olan zərərlər, iqtisadi təcrid kimi başlıca sahələr əsas limitləri təşkil edir. Tərəflər arasında bərabər şəkildə paylanmış bu mənfi cəhətlər və limitlər münaqişənin əsas çərçivəsini təqdim edir.
Elmir Mustafa


