Alimlər arterial təzyiqin yüksəlməsinə səbəb olan və uzun müddət aşkarlanması çətin olan hormonal pozuntulardan birinin yeni xüsusiyyətlərini üzə çıxarıblar.
HİT.az xəbər verir ki, söhbət birincili aldosteronizmdən gedir. Bu vəziyyət yüksək qan təzyiqi olan insanların təxminən beşdə birində müşahidə oluna bilər və ürək-damar xəstəlikləri, insult, diabet və digər ciddi sağlamlıq problemlərinin riskini artıra bilər.
Tədqiqat zamanı müəyyən edilib ki, bu xəstəliyi olan insanlarda hormonların səviyyəsində yalnız gün ərzində deyil, gecə yuxu zamanı da kəskin yüksəlmələr baş verə bilər. Alimlərin fikrincə, məhz gecə baş verən dəyişikliklər ənənəvi müayinələr zamanı gözdən qaça bilər. Çünki qan analizləri adətən yuxu vaxtı aparılmır.
Bu problemi daha ətraflı araşdırmaq üçün alimlər hormon səviyyəsini fasiləsiz izləyə bilən portativ cihaz hazırlayıblar. Təxminən mobil telefon ölçüsündə olan cihaz bel nahiyəsinə bərkidilir və dəridən hormon nümunələri götürür.
Tədqiqat çərçivəsində Bristol, Bergen, Stokholm və Afinada 60 pasiyent 24 saat ərzində müşahidə olunub. Hormon səviyyələri hər 20 dəqiqədən bir ölçülüb. İştirakçılar bu müddətdə gündəlik fəaliyyətlərini davam etdirib, hətta gecə yatıblar.
Araşdırmanın müəllifləri bildiriblər ki, fasiləsiz monitorinq sayəsində əvvəllər aşkarlanması çətin olan gecə hormonal yüksəlişlərini müəyyən etmək mümkün olub. Bu yanaşmanın gələcəkdə xəstəliyin daha erkən mərhələdə aşkarlanmasına və müalicənin effektivliyinin artırılmasına kömək edə biləcəyi düşünülür.
Mütəxəssislərin sözlərinə görə, birincili aldosteronizm arterial hipertoniyanın mühüm səbəblərindən biridir. Lakin hormon səviyyəsinin gün ərzində dəyişməsi və diaqnostik prosesin mürəkkəbliyi səbəbindən bəzi xəstələrdə bu vəziyyət gec aşkarlanır və ya ümumiyyətlə müəyyən edilmir.
Qeyd edək ki, yüksək arterial təzyiqə qidalanma, xüsusilə çoxlu miqdarda emal olunmuş məhsulların qəbulu, fiziki aktivliyin azlığı və müntəzəm alkoqol istifadəsi də təsir göstərə bilər.
Samir


