ABŞ-dakı San-Fransisko Kaliforniya Universiteti və Berkli Kaliforniya Universitetinin neyrobioloqları insanın qərarlarını həmin qərar verilməzdən yarım saniyə əvvəl proqnozlaşdırmağı öyrəniblər.
HİT.az xəbər verir ki, “Nature Neuroscience” jurnalında dərc olunan araşdırma risk və ehtiyatlılıq arasında seçim zamanı keçid mexanizmi kimi fəaliyyət göstərən beynin iki nahiyəsini üzə çıxarıb.
Beynin real vaxt rejimində fəaliyyətini öyrənmək üçün alimlər neyrocərrah Klara Starkvezərin rəhbərliyi ilə videooyun hazırlayıblar. İştirakçılar xəzinələr və bombalarla dolu labirintdən keçməli olublar.
Təcrübədə epilepsiyanın müalicəsi məqsədilə beyninə elektrodlar yerləşdirilmiş altı pasiyent iştirak edib. Alimlər gözlərin dərhal arxasında yerləşən orbitofrontal korteksin fəaliyyətini müşahidə ediblər.
Məlum olub ki, bir-birinə yaxın iki zona əks siqnallar yaradır: onlardan biri insanı riskə getməyə sövq edir, digəri isə ehtiyatlı olmağa çağırır. Sadə seçim zamanı üstün gələn siqnal dərhal ortaya çıxıb. Mürəkkəb seçimlərdə isə siqnallar tərəflərdən biri qalib gələnədək dəyişib.
Alimlər beyin fəaliyyətinin nümunələrini təhlil edərək pasiyentin seçimini o, qərarını verməzdən əvvəl müəyyən edə biliblər. Kompüter modeli göstərib ki, bu proses kəndirçəkmə yarışını xatırladır.
Kaliforniya Universitetinin psixologiya və nevrologiya professoru Robert Naytın sözlərinə görə, beyin informasiyanı tədricən toplamaq əvəzinə iki əks istiqamət arasında tərəddüd edən keçid mexanizmi kimi fəaliyyət göstərir və sonda yekun qərara gəlir.
Əvvəllər qərarvermə prosesini öyrənmək üçün funksional maqnit-rezonans tomoqrafiyasından (fMRT) istifadə olunurdu. Lakin bu üsul zamanı görüntülər təhrif edilə, uzunmüddətli müayinələr səbəbindən iştirakçılar isə cansıxıcılıqdan yuxuya gedə bilirdilər.
Yeni kəşf psixi pozuntuların müalicəsinə də kömək edə bilər. Məsələn, asılılıqdan əziyyət çəkən insanlarda riskə qarşı sağlam olmayan meyl müşahidə olunur.
Ölçülə bilən biomarkerlərin müəyyənləşdirilməsi həkimlərə zədələnmiş neyron əlaqələrinə daha dəqiq müdaxilə etməyə və fərdi müalicə sxemləri hazırlamağa imkan verə bilər.
Samir


