Beynəlxalq Novruz Festivalının iştirakçıları Azərbaycanın mədəni irsi ilə tanış olublar

SOSİAL
17:14 / 22.03.2026
19

Avropa Tələbələr Forumu – Bakı İctimai Birliyinin (AEGEE-Bakı) təşkil etdiyi “Beynəlxalq Novruz Festivalı Azərbaycan” (INFA) çərçivəsində yerli və xarici iştirakçılar üçün Bakı, Qobustan və Şəkiyə mədəni səfərlər təşkil olunub.

Azərbaycan, İtaliya, Niderland, Almaniya, Qazaxıstan və Pakistandan olan iştirakçıları bir araya gətirən proqramın bu istiqaməti ölkəmizin tarixi irsinin, milli adət-ənənələrinin və mədəni müxtəlifliyinin tanıdılmasına həsr olunub.

Bakı proqramı çərçivəsində iştirakçılar Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası, Azərbaycan Xalça Muzeyi, “Suraxanı” gəmi-muzeyi və Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Səfərlər xarici qonaqlara Azərbaycanın memarlığı, incəsənəti və tarixi ilə yaxından tanış olmaq imkanı yaradıb.

Qobustan qoruğuna səfər zamanı iştirakçılar qədim qayaüstü təsvirlərlə tanış olublar. Şəki proqramında isə Şəki Xan Sarayı, Yuxarı Karvansaray və Şəki Xan Məscidinə ziyarətlər yer alıb. Bu məkanlar vasitəsilə qonaqlara Azərbaycanın müxtəlif bölgələrinin mədəni zənginliyi təqdim olunub.

Səfərlərlə yanaşı, festival müddətində keçirilən mədəni təqdimatlar və interaktiv fəaliyyətlər iştirakçıların Novruz ənənələri ilə tanışlığını tamamlayıb. Birgə proqram yerli və xarici gənclər arasında ünsiyyətə, qarşılıqlı öyrənməyə və yeni dostluq əlaqələrinin qurulmasına şərait yaradıb.

Festival Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin baş sponsorluğu, AzərSüd MMC və Coca-Cola MMC-nin sponsorluğu ilə həyata keçirilib.

0