Alimlər xəbərdarlıq edir: Milyonlarla insan xolesterin üçün düzgün analiz vermir

SAĞLAMLIQ
11:11 / 08.07.2026
58

ABŞ alimləri müəyyən ediblər ki, apolipoprotein B (apoB) analizi ürək-damar xəstəlikləri riskinin qiymətləndirilməsində ənənəvi LDL ("pis" xolesterin) analizindən daha dəqiq nəticə verir. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "JAMA" jurnalında dərc olunub.

Araşdırmanın müəllifi, ABŞ-ın "Northwestern University" universitetinin profilaktik tibb kafedrasının dosenti Kiaran Koli-Linç və onun komandası ürək-damar xəstəliyi hələ inkişaf etməmiş, lakin statin müalicəsinə ehtiyacı olan 250 min amerikalı yetkinin sağlamlıq göstəricilərini kompüter modeli vasitəsilə təhlil edib.

Tədqiqatçılar müalicənin idarə olunması üçün üç yanaşmanı müqayisə ediblər: LDL səviyyəsinə (hədəf <100 mq/dl), qeyri-LDL xolesterin səviyyəsinə (hədəf <118 mq/dl) və apoB səviyyəsinə (hədəf <78,7 mq/dl) əsaslanan strategiyalar. Xəstə müəyyən edilmiş hədəfə çatmadıqda, əvvəlcə daha güclü statinə keçid edilir, sonra isə müalicəyə "Ezetimib" preparatı əlavə olunur.

Alimlər bildiriblər ki, bu analizlər arasındakı əsas fərq onların nəyi ölçməsindədir. LDL testi xolesterinin hissəciklərdəki konsentrasiyasını müəyyən edir, lakin həmin hissəciklərin sayını göstərmir. ApoB analizi isə birbaşa zərərli lipoprotein hissəciklərinin sayını ölçür. Hər hissəcik yalnız bir apolipoprotein B molekulu daşıyır və məhz bu hissəciklər damar divarında toplanaraq aterosklerotik lövhələrin yaranmasına səbəb olur.

Kiaran Koli-Linçin sözlərinə görə, bu xüsusiyyət apoB-ni ürək-damar riski üçün daha dəqiq biomarkerə çevirir.

Simulyasiyanın nəticələrinə əsasən, apoB-yə əsaslanan yanaşma həm infarkt və insultların qarşısını daha çox alır, həm də iqtisadi baxımdan sərfəli olaraq qalır. Müəlliflər qeyd edirlər ki, bu, apoB analizinə keçidin həm klinik effektivliyini, həm də iqtisadi səmərəliliyini eyni vaxtda göstərən ilk araşdırmadır.

Tədqiqat müəllifləri vurğulayıblar ki, əldə olunan nəticələr xüsusilə aktualdır. Belə ki, 2026-cı ildə "Amerika Kardiologiya Assosiasiyası" statin müalicəsinə daha gənc yaşlarda başlanılmasını tövsiyə edən yenilənmiş klinik tövsiyələrini təqdim edib.

Samir
 

0