Gecə yuxusunun keyfiyyətinə axşam saatlarında qəbul edilən içkilər də təsir göstərə bilər. Üç diyetoloq daha rahat yatmaq üçün axşam yeməyindən sonra çobanyastığı çayını tövsiyə edib.
HİT.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, çobanyastığı çayının yuxuya müsbət təsirinin əsas səbəblərindən biri tərkibindəki flavonoidlərdir. Bu antioksidantların insanın rahatlamasına və zehni sakitləşdirməsinə kömək etdiyi bildirilir.
Diyetoloqlar həmçinin qeyd edirlər ki, çobanyastığı çayı apigenin adlı flavonoid baxımından zəngindir. Bu maddənin beyindəki aktivliyi azaltmaqla rahatlama prosesinə kömək etdiyi və nəticədə yuxuya keçidi asanlaşdıra biləcəyi vurğulanır. Çayın digər üstünlüyü isə kofein tərkibli olmamasıdır.
Mütəxəssislər çayı yatmazdan təxminən 30 dəqiqə-2 saat əvvəl içməyi və ən azı 5-10 dəqiqə dəmləməyi məsləhət görürlər. İstəyə görə içkiyə ilıq süd də əlavə etmək olar.
Bununla yanaşı, yuxudan ən azı 6 saat əvvəl kofeinli içkilərdən uzaq durmaq, yatmazdan 30 dəqiqə əvvəl telefondan istifadəni dayandırmaq da tövsiyə edilir.
Diyetoloqlar dərman qəbul edən şəxslərə isə çobanyastığı çayını mütəmadi istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyi tövsiyə edirlər. Çünki bu içki bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər.
Samir


