Konservləşdirilmiş balıq uzun müddət saxlanması və istifadəyə hazır olması ilə yanaşı, orqanizm üçün bir sıra faydalı qida maddələri ilə zəngindir.
HİT.az xəbər verir ki, dietoloq və terapevt Loren Manakerin sözlərinə görə, konservləşdirmə prosesi balığın tərkibindəki faydalı omeqa-3 yağ turşularını əhəmiyyətli dərəcədə itirməsinə səbəb olmur. Balıq həmçinin yüksək keyfiyyətli zülal və müxtəlif mikroelementlərlə zəngindir.
Mütəxəssis qeyd edib ki, Amerika Ürək Assosiasiyası həftədə təxminən iki porsiya dəniz məhsulu qəbul etməyi tövsiyə edir. Konservləşdirilmiş balıq isə bunu daha rahat və əlçatan şəkildə etməyə imkan verir.
Dietoloqun sözlərinə görə, xüsusilə sardina qida dəyəri baxımından diqqət çəkir. Təxminən 106 qram sardinanın tərkibində 22,6 qram zülal, 10,5 qram yağ, 351 mq kalsium, həmçinin B12 və D vitaminləri, fosfor, kalium, selen və omeqa-3 yağ turşuları var. Balığın yumşaq, yeyilə bilən sümükləri də əlavə kalsium mənbəyidir.
Mütəxəssis konservləşdirilmiş balığın digər faydalı növləri arasında qızılbalıq, skumbriya və ton balığını da qeyd edib. Sardina, skumbriya və qızılbalıq omeqa-3 baxımından zəngin olduğu halda, ton balığı daha az yağlı və zülalla zəngin seçim hesab olunur.
Dietoloq həmçinin bildirib ki, konservləşdirilmiş və təzə balığın əsas qida tərkibi bir-birinə çox yaxındır. Buna görə konservləşdirilmiş balıq təzə balığa alternativ ola bilər.
Bununla belə, məhsul seçərkən bir sıra məqamlara diqqət yetirmək tövsiyə olunur. Mütəxəssis yağlı balıq növlərinə üstünlük verməyi, duz miqdarını yoxlamağı və əlavə sousları çox olan məhsullardan mümkün qədər uzaq durmağı məsləhət görüb. Duz qəbulunu məhdudlaşdıran şəxslər isə az natriumlu və ya duzsuz variantları seçə bilərlər.
Samir


