Astronomlar Günəş ətrafında hərəkət edən kiçik kosmik obyektin qeyri-adi davranışını araşdırırlar. 1998 KY26 adlanan cismin trayektoriyasında müşahidə olunan dəyişikliklər əvvəlcə kometa ehtimalını gündəmə gətirsə də, yeni tədqiqatlar bu versiyanı sual altına alıb.
HİT.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Təxminən 11 metr diametrində olduğu bildirilən 1998 KY26 ilk dəfə 1998-ci ildə Arizona Universitetinin astronomu Tom Gerels tərəfindən kəşf edilib. Əvvəlcə adi asteroid hesab olunan obyektin hərəkətində sonradan qeyri-adi sürətlənmələr qeydə alınıb. Bu dəyişikliklər onun trayektoriyasının İohann Keplerin planetlərin hərəkəti qanunları əsasında hesablanan orbitdən cüzi şəkildə kənara çıxmasına səbəb olub.
Alimlərin irəli sürdüyü ehtimallardan biri obyektin “qaranlıq kometa” olması idi. Bu termin görünən toz quyruğu olmayan, lakin buzun buxarlanması nəticəsində hərəkətinə əlavə təkan alan kosmik cisimlərə aid edilir.
Lakin “Icarus” elmi jurnalında dərc olunan yeni araşdırma bu ehtimalı zəiflədib. Tədqiqatçılar obyektin orta temperaturunun təxminən mənfi 47 dərəcə olduğunu müəyyən ediblər. Bu göstərici buzun qorunması üçün tələb olunan temperatur həddindən yüksək hesab olunur.
Miçiqan Dövlət Universitetinin dosenti Daril Selikman bildirib ki, əgər obyektin tərkibində buz varsa, onu kometa hesab etmək mümkündür. Ancaq səth temperaturunun yüksək olması bu izahı çətinləşdirir.
Harvard Universitetinin astrofiziki Avi Loeb isə daha fərqli ehtimal irəli sürüb. O, 1998 KY26-nın asteroid və ya kometa deyil, 1988-ci ildə Marsı tədqiq etmək üçün kosmosa göndərilmiş sovet aparatı “Fobos-1” ola biləcəyini iddia edib. Həmin aparat buraxılışdan təxminən iki ay sonra əlaqəni itirib.
Bununla belə, NASA rəhbəri Cared Ayzekman bu versiyanı qəbul etməyib. Onun sözlərinə görə, obyektin asteroid olmaqdan başqa bir şey olduğunu təsdiqləyən heç bir sübut yoxdur.
Müəmmalı hərəkətin izahı ilə bağlı daha real ehtimal isə 2025-ci ildə aparılan araşdırmadan sonra ortaya çıxıb. Həmin vaxt alimlər obyektin diametrinin əvvəlki hesablamalardan üç dəfə kiçik olduğunu müəyyən ediblər. Bu nəticə onun hərəkətinə təsir edən qüvvələrin yenidən qiymətləndirilməsinə imkan yaradıb.
NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının mühəndisi Devid Farnokkiya və həmkarları obyektin qeyri-adi sürətlənməsinin Günəş şüalanmasının təsiri ilə bağlı ola biləcəyini irəli sürüblər. Fotoların da impuls daşıdığını nəzərə alan alimlər bildirirlər ki, Günəşdən gələn şüalanma kiçik kosmik cisimlərin hərəkətinə təsir göstərə bilər. Bu hadisə Günəş şüalanması təzyiqi adlanır. Bundan başqa, cismin Günəş işığını udaraq qızması və sonradan istilik yayması ilə əlaqəli Yarkovski effekti də rol oynaya bilər.
NASA bazar günü yaydığı açıqlamada Günəş şüalanması qüvvələrinin 1998 KY26-nın hərəkətinə təsir etdiyini təsdiqləyib.
Yaponiyanın Hayabusa2 kosmik aparatı vasitəsilə obyektin sirrinin açılması planlaşdırılırdı. Zondun 2031-ci ildə 1998 KY26-ya çatması nəzərdə tutulsa da, mühərriklə bağlı problemlər səbəbindən bu missiya ləğv edilib. Aparatın əvəzinə 2015 BM510 asteroidinə göndərilməsi planlaşdırılır. Onun 2028 və ya 2029-cu ildə hədəfə çatacağı gözlənilir.
Alimlər 1998 KY26-nın Yerə çırpılacağından narahat olmağa əsas görmürlər. Miçiqan Dövlət Universitetinin professoru Selikmanın sözlərinə görə, NASA və digər qurumlar potensial təhlükəli kosmik obyektləri daim izləyir və onların hərəkətini nəzarətdə saxlayır.
Samir


