Qırmızı şərabın qanda hemoqlobinin səviyyəsini artırdığı barədə yayılan fikirlər həqiqəti əks etdirmir. Əksinə, bu içkinin tərkibindəki bəzi maddələr dəmirin orqanizm tərəfindən mənimsənilməsinə mane ola bilər.
HİT.az xəbər verir ki, bu barədə İrkutsk vilayət Psixonevroloji Dispanserinin ali kateqoriyalı həkimi, narkoloq Andrey Sergeyev “RIA Novosti”yə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, qırmızı şərab da digər alkoqollu içkilər kimi qaraciyərə mənfi təsir göstərir. Qaraciyər maddələr mübadiləsində və qanın tərkibinin qorunmasında mühüm rol oynadığından, alkoqol qəbulu orqanizmin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Sergeyev izah edib ki, hemoqlobin oksigeni orqanizmin hüceyrələrinə daşıyan mürəkkəb zülaldır. Dəmir çatışmazlığı zamanı hüceyrələr kifayət qədər oksigen ala bilmir və nəticədə anemiya yaranır. Bu xəstəlik halsızlıq, başgicəllənmə, hətta yüngül fiziki fəaliyyət zamanı təngnəfəslik və tez yorulma ilə müşayiət olunur.
Mütəxəssis qeyd edib ki, anemiyanın ilkin mərhələlərində qidalanmaya diqqət yetirmək vacibdir. Onun sözlərinə görə, nar və qırmızı ət kimi məhsullar dəmir çatışmazlığının aradan qaldırılmasına kömək edə bilər. Lakin xəstəlik irəliləmiş mərhələdədirsə, mütləq terapevtə müraciət edilməlidir.
Qeyd edək ki, daha əvvəl stomatoloq Aleksandr Zaslavski-Şostak qırmızı şərabın dişlər üçün ən zərərli alkoqollu içkilərdən biri olduğunu bildirmişdi. Onun sözlərinə görə, içkinin tərkibindəki turşular diş minasına zərər verir, tünd piqmentlər isə dişlərdə qalıcı ləkələr yaradır.
Samir


