Alimlər insan onurğasının niyə tez aşındığını müəyyən etdi

SAĞLAMLIQ
13:27 / 06.11.2026
40

İnsan onurğasının gündəlik hərəkətlər zamanı böyük yüklərə davam gətirməsinə kömək edən mikroskopik strukturlar eyni zamanda fəqərəarası disklərin zədələnmə riskini də artıra bilər. Alimlər hesab edirlər ki, bu xüsusiyyət bel ağrılarının və disk yırtıqlarının yaranma mexanizmlərini anlamaq baxımından əhəmiyyətlidir.

HİT.az xəbər verir ki, bu nəticəyə Mançester Universitetinin tədqiqatçıları gəliblər. Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

Alimlər fəqərəarası disklərin quruluşunu güclü rentgen şüaları və TomoSAXS adlı xüsusi metod vasitəsilə araşdırıblar. Bu texnologiya toxumaların quruluşunu bütöv formada, eləcə də ayrı-ayrı kollagen lifləri səviyyəsində üçölçülü şəkildə müşahidə etməyə imkan verir.

Tədqiqat zamanı məlum olub ki, disklərin tərkibindəki nazik və möhkəm kollagen fibrilləri onurğaya əlavə yük düşməzdən əvvəl də müəyyən gərginlik altında olur. Bu ilkin gərginlik fəqərəarası disklərin sərtliyini qorumasına və yerimək, əyilmək, ağır əşyalar qaldırmaq kimi gündəlik hərəkətlər zamanı yaranan təzyiqi qarşılamağa kömək edir.

Lakin araşdırma göstərib ki, daha çox əyilmiş kollagen liflərində gərginlik səviyyəsi xüsusilə yüksəkdir. Bu hal əsasən fəqərəarası diskin daxili və xarici hissələrinin birləşdiyi sahədə müşahidə olunur. Alimlərin fikrincə, həmin bölgələr əlavə təsirlərə qarşı daha həssas ola və zamanla zədələnmə, eləcə də disk yırtığının yaranması riskini artıra bilər.

Tədqiqat müəllifləri disklərin quruluşunu müəyyən mənada tarazlıq mexanizmi kimi qiymətləndirirlər: kollagen liflərindəki ilkin gərginlik yükün düzgün paylanmasına şərait yaratsa da, eyni zamanda bəzi strukturların əlavə təzyiqə qarşı davamlılıq ehtiyatını azalda bilər.

Alimlər vurğulayırlar ki, araşdırma hələlik bel ağrılarının müalicəsi üçün yeni üsul təklif etmir. Bununla belə, istifadə olunan texnologiya fəqərəarası disklərin yaşlanma və müxtəlif xəstəliklər nəticəsində hansı mexanizmlərlə zədələndiyini daha dərindən öyrənməyə imkan verəcək.

Samir
 

0