SİYASƏT
12:09 / 18.10.2021
290

Azərbaycanın Qarabağ zəfəri beynəlxalq ikili standartların məğlubiyyəti deməkdir

1994-cü ildə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlara başlayarkən Azərbaycan münaqişəni beynəlxalq ictimaiyyətin dəstəyi sayəsində sülh yolu ilə həll edəcəyinə ümid bəsləyirdi. Azərbaycan ümid edirdi ki, beynəlxalq hüququ yaradan dövlətlər, xüsusən də dünya nizamının formalaşmasında aparıcı rol oynayan Minsk qrupunun həmsədr ölkələri özlərinin elan etdikləri ədalət prinsiplərinə, səs verdikləri qətnamələrə sadiq qalaraq Ermənistanın ölkəmizə qarşı aqressiyasının dayandırılmasına, bir milyondan artıq azərbaycanlının pozulan təməl hüquqlarının bərpasına ciddi səylər göstərəcəklər.

Lakin gözləntilər özünü doğrultmadı. Doğrudur, BMT başda olmaqla bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi, bunu təsdiq edən müvafiq hüquqi sənədlər də kifayət qədər idi. Lakin məsələ verilən bəyanatların, qəbul edilən sənədlərin icrasına gəldikdə beynəlxalq hüququn icrası mexanizmində ciddi boşluqlar, bir sıra aparıcı dövlətlərin yanaşmasında isə qərəzli münasibət özünü göstərdi.
Oktyabrın 11-də Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantısının rəsmi açılış hissəsinə sədrlik edən Prezident İlham Əliyevin çıxışında bildirdiyi kimi, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir: “Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi”. 

Dövlət başçısının söylədiyi kimi, hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmaması Ermənistanın işğalı möhkəmləndirməsinə, hərbi cinayətlər törətməsinə, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirməsinə, Azərbaycan xalqının mədəni və dini irsini məhv etməsinə şərait yaratdı. 

İkinci Qarabağ müharibəsi məhz ikili standartların, cəzasızlığın, bəzi dövlətlərin riyakarlığının nəticəsində meydana çıxdı. Vətən savaşında Azərbaycan özünümüdafiə hüququndan yararlanaraq ərazilərini işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini özü yerinə yetirdi, ədaləti bərqərar etdi. 

Müharibə və onun nəticələri həm də Azərbaycana kimin dost, kimin düşmən münasibət bəslədiyini aydın nümayiş etdirdi. Məlum olduğu kimi, Qarabağda döyüşlərin getdiyi bir vaxtda BMT TŞ-də 1993-cü il qətnamələrini görməzdən gələn açıqlamanın qəbuluna qurumun qeyri-daimi üzvü olan, həmçinin Qoşulmama Hərəkatına üzv olan 7 dövlət mane oldu. Bu, ölkəmizin Qoşulmama Hərəkatında uğurlu fəaliyyətinin, sədrliyinin nəticəsi və bütövlükdə Azərbaycan diplomatiyasının qələbəsi idi. 

Münaqişənin mövcud olduğu 30 ilə yaxın müddətdə susqunluq, laqeydlik nümayiş etdirən qüvvələrin bir qismi İkinci Qarabağ savaşında Ermənistana müxtəlif yollarla yardım etməyə çalışdılar. 

Azərbaycanın Qarabağ zəfəri isə münaqişəyə ikili standartlardan yanaşan, ölkəmizə işğalla barışması üçün açıq-gizli təzyiqlər göstərən bütün qüvvələrin ağır məğlubiyyəti oldu. Bildiyimiz kimi, hazırda dünyada bir çox ərazi münaqişələri mövcuddur. Bir çox hallarda onlarla bağlı da ərazi bütövlüyünü, dövlətlərin sərhədlərinin toxunulmazlığını dəstəkləyən beynəlxalq sənədlər qəbul olunub. Lakin həmin sənədlərin reallaşdırılması ilə bağlı da problemlər özünü göstərir.

Ona görə də Azərbaycanın siyasi-hərbi qələbəsi, ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi hərbi təcavüzə, işğala məruz qalan digər dövlətlər üçün də ümid mənbəyi, uğur modelidir. Bu çərçivədə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilin sonunadək uzadılması da ölkəmizin, Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun artmasının və artıq inkişafda olan ölkələr dünyasının liderlərindən birinə çevrildiyinin aydın sübutudur.
Qlobal sülh, ədalət və həmrəylik naminə beynəlxalq liderlik funksiyasını üzərinə götürən Azərbaycan özünün Qarabağ uğurunun nümunəsində dünyada suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsiplərinin möhkəmlənməsinə olan beynəlxalq səylərin güclənməsinə töhfələr verməkdədir.

Hülya Məmmədli
politoloq

0