“İntensiv yağan güclü yağışlar ölkənin turizm sektorunda müəyyən çətinliklər yaradıb”.
Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, əlverişsiz hava şəraiti səbəbindən bəzi turistlər səfərlərini təxirə salıb, açıq hava fəaliyyətləri və ekskursiyalar məhdudlaşdırılıb:
“Həmçinin, bəzi bölgələrdə nəqliyyatın hərəkətində yaranan problemlər turist axınına da mənfi təsir edib. Buna baxmayaraq, hava şəraitinin sabitləşməsindən sonra sektorun qısa müddətdə bərpa olunacağını gözləyirik”.
Ekspert qeyd edib ki, güclü yağışlara rəğmən, turizm obyektləri fəaliyyətlərini davam etdirir:
“Ölkədəki bütün turizm obyektlərində qonaqların təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür. Əslində, hazırkı vəziyyətin daha çox qısamüddətli təsirlər yaratdığı düşünülür. Əgər əlverişsiz hava şəraiti uzun müddət davam etməsə, yay mövsümündə regionlara turist axınının qismən azalacağını müşahidə edəcəyik”.
Rəhman Quliyev diqqətə çatdırıb ki, xarici turistlər səyahət planlarını hazırlayarkən hava şəraiti, təhlükəsizlik və nəqliyyat imkanlarını nəzərə alırlar:
“Güclü yağışlar, sel və ya yolların bağlanması ilə bağlı xəbərlər bəzi turistlərin səfərlərini təxirə salmasına səbəb ola bilər. Buna rəğmən, sözügedən təsirin uzunmüddətli olacağı proqnozlaşdırılmır. Hava şəraitinin normallaşması və turizm infrastrukturunun fasiləsiz fəaliyyəti təmin olunduğu təqdirdə, Azərbaycanın turizm cəlbediciliyi qorunub saxlanacaq”.
Həmsöhbətimiz vurğulayıb ki, ölkənin zəngin mədəni irsi, təbiəti və qonaqpərvərliyi xarici turistlər üçün əsas cəlbedici amillər olaraq qalır:
“Turist axınında azalma daha çox hava şəraitinin uzun müddət davam etməsi və ya nəqliyyat əlaqələrində ciddi məhdudiyyətlərin yaranması halında müşahidə oluna bilər. Hazırkı vəziyyətdə isə bunun əsasən müvəqqəti təsir göstərəcəyini ehtimal edirəm”.
Pərviz



