“Bəzi qızların evlilikdən gözləntiləri həddindən artıq yüksək ola bilir”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən danışıb:
“Çünki çox vaxt evliliyə həyatın reallığı kimi yox, xəyalların davamı kimi baxırlar. İstəyirlər ki, gələcək həyat yoldaşı həm çox qazansın, həm romantik olsun, həm hər zaman diqqət göstərsin, həm ailəsinə uyğun gəlsin, həm də heç bir səhvi olmasın. Yəni bəzən bir insandan yox, ideal obrazdan gözlənti yaranır.
Bu gözləntilərin formalaşmasında ailənin, ətraf mühitin və sosial medianın böyük təsiri var. İnsan hər gün bahalı hədiyyələr, dəbdəbəli toylar, ideal görünən münasibətlər gördükcə düşünür ki, normal münasibət də məhz belə olmalıdır. Ancaq heç kim həmin şəkillərin arxasındakı problemləri göstərmir”.
Ekspertin sözlərinə görə, bir çox qız uşaqlıqdan elə böyüyür ki, sanki gələcək həyat yoldaşı onun bütün problemlərini həll etməli, onu rahat yaşatmalı, hər istəyini yerinə yetirməlidir:
“Çünki böyüklər də adətən: “Ailə qurarsan, yoldaşınla edərsən, yoldaşınla gəzərsən” və s. kimi ifadələr işlədirlər. Bəzən qızların yüksək gözləntilərinin arxasında qorxu da olur.
Onlar gələcəkdə maddi çətinlik yaşamaq, əziyyət çəkmək istəmirlər. Buna görə də maddi cəhətdən güclü kişiyə üstünlük verirlər. Bu normaldır, amma bir insanı yalnız qazandığı pula görə qiymətləndirmək artıq başqa məsələdir”.
Həmsöhbətimiz bildirib ki, qızların bu istəyində sosial şəbəkələrin də böyük təsiri var:
“Hər gün bahalı hədiyyələr alan, xaricdə istirahət edən, lüks həyat yaşayan cütlükləri görürük. İnsan istəmədən düşünür ki, normal münasibət elə belə olmalıdır. Halbuki sosial şəbəkələr həyatın ən gözəl 5 dəqiqəsini göstərir, qalan hissəsini yox. Əslində sağlam münasibətdə kişi nə qadının “bankomat”ı olmalıdır, nə də qadın kişinin sadəcə gözəllik nümayiş etdirdiyi bir insan.
Münasibət qarşılıqlı hörmət, sevgi, dəstək və birlikdə inkişaf üzərində qurulanda uzunömürlü olur. Çünki pul bu gün var, sabah olmaya bilər. Gözəllik də illərlə dəyişir. Lakin xarakter, vicdan, etibar və çətin gündə yanında qalmaq bacarığı münasibəti ayaqda saxlayan əsas şeylərdir.
Bəzən isə yüksək gözləntilərin altında güvənsizlik dayanır. İnsan düşünür ki, nə qədər çox tələb qoysa, gələcəkdə bir o qədər az məyus olar. Halbuki münasibətlər siyahıdakı bütün şərtlərin ödənməsi ilə yox, iki insanın bir-birini anlaması ilə qurulur”.
Psixoloq onu da əlavə edib ki, maddi vəziyyətə önəm vermək normaldır:
“Hər kəs özünü güvəndə hiss etmək istəyir. Lakin qarşıdakı insanın dəyərini yalnız maaşı, maşını və ya evi ilə ölçmək münasibəti sevgidən çox alış-verişə çevirir. Ən maraqlısı isə budur ki, gözləntilər nə qədər yüksəlirsə, məyusluq ehtimalı da bir o qədər artır. Çünki real insanlar mükəmməl olmurlar. Onların da qorxuları, çatışmazlıqları, səhvləri olur.
Əslində xoşbəxt evlilik “ən ideal insanı tapmaq” deyil, “bir-birinin qüsurları ilə yaşamağı bacarmaqdır”. Münasibəti ayaqda saxlayan bahalı hədiyyələr yox, hörmət, etibar, anlayış və çətin gündə belə bir-birinin yanında qalmaqdır. Bəzən insanlar xoşbəxtliyi qarşı tərəfdən gözləyirlər. Halbuki xoşbəxt evlilik iki xoşbəxt insanın qurduğu münasibətdir, iki yarımçıq insanın bir-birini tamamlaması deyil”.
Pərviz



