2024-cü ilin yanvarından cari ilin mart ayınadək Böyük Britaniya Müdafiə Nazirliyinin əməkdaşları ən azı 545 noutbuk və planşet, həmçinin 744 smartfon itirib. Beləliklə, ümumilikdə 1289 cihazın itdiyi bildirilir.
HİT.az xəbər verir ki, bu barədə məlumat “Sky News” kanalının Müdafiə Nazirliyindən əldə etdiyi eksklüziv məlumatlara istinadən yayılıb.
Məlumata görə, həmin cihazlardan ən azı 132 planşet və smartfon, eləcə də 36 smartfon oğurlanıb, qalanları isə ehtimal ki, əməkdaşlar tərəfindən itirilib. Bu cihazların yenilənməsi üçün təxminən 1,6 milyon funt sterlinq (2,1 milyon ABŞ dolları) xərclənəcəyi qeyd olunur.
“Sky News”un yazdığına görə, bu məlumatlar hökumətin müdafiə sahəsinə investisiyaların artırılması planını hazırladığı bir dövrdə ortaya çıxıb. Baş nazir Kir Starmer ötən il bu investisiyaların artırılacağını elan etmişdi. Bildirilir ki, Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi bu vəsaitlərin həcmi ilə bağlı razılığa gələ bilmir.
Mühafizəkarlar partiyasından kölgə müdafiə naziri Ceyms Kartliç bu rəqəmlərin ciddi narahatlıq doğurduğunu bildirib. Onun sözlərinə görə, iki il ərzində minlərlə cihazın itməsi “ən məxfi dövlət qurumunda təhlükəsizliklə bağlı ciddi suallar yaradır”.
Samir


