Xəbər verdiyimiz kimi, ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında yenidən atəşkəs əldə olunub.
Lakin bu atəşkəsdən sonra sürpriz bəyanatlar səsləndirilib. İlk olaraq “Hizbullah” İsrail və Livan arasında atəşkəsin şərtlərini rədd etdiyini açıqlayıb. Daha sonra isə SEPAH İsrail ordusunun Livandan çıxarılmayana qədər regionda sülh olmayacağını iddia edib.
Maraqlıdır, belə vəziyyətdə İsraillə Livan arasıdakı atəşkəs nə qədər uzunmüddətli olacaq? Eyni zamanda, bu, İran-ABŞ danışıqlarına necə təsir edəcək?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Hit.az-a açıqlama verib.
O bildirib ki, indiki zamanda sülhdən danışmaq üçün tezdir:
“Çünki faktiki olaraq, Livandakı atəşkəsi İsrail və İran fərqli başa düşür. Eyni zamanda, ABŞ də bu iki mövqe arasında get-gəl etməkdədir. Açıq şəkildə ABŞ-İran sülh danışıqlarının şərti kimi Livanda hərbi əməliyyatlar dayandırılması tələbi var.
İsrail isə elan edir ki, maksimum ABŞ-nin təzyiqi ilə Beyrutu bombalamaya bilər, ancaq “Hizbullah”ın olduğu cənub ərazilərində hərbi əməliyyatlarını davam etdirəcək. Faktiki olaraq, bu da “Hizbullah”a qarşı döyüşlərin davam etdirilməsi deməkdir. Buna qarşılıq olaraq İsrail şərt qoyur ki, “Hizbullah” da onların şimalına hücum etməsin”.
Ekspert qeyd edib ki, ortada belə bir vəziyyət yaranır:
“Deməli, “Hizbullah” Livanın cənubunda İsrail tərəfindən əməliyyatların davam etdirilməsinə baxmayaraq, özünü müdafiə etməyəcək və İsrailin şimalına hücum etməyəcək. Bunun əvəzində isə İsrail sadəcə Beyrutu bombalamayacaq. Aydın məsələdir ki, “Hizbullah” və İran bu şərtləri qəbul etməyəcək.
Lakin İsrail də bu məsələni öz daxili məsələsi kimi görür və onun İranla ABŞ arasındakı sülh paketinə daxil olmadığını bildirir. Əslində İran dünən bu sülhün və atəşkəsin nə qədər kövrək olduğunu göstərdi. Küveytdəki aeroportun və Bəhreyndəki bazanın vurulması sülhün kifayət qədər qırılqan olduğunu sübut etdi”.
Turab Rzayev əlavə edib ki, ABŞ cavab tədbirləri görmədi:
“Bu isə onu deməyə əsas verir ki, ABŞ daha əvvəl vurduğu gəminin əvəzinə və İsraildəki Livan müharibəsinə qarşılıq olaraq İranın atdığı addımlara cavab verib məsələni daha da gərginləşdirmək istəmir. Ancaq istənilən halda sülh çox kövrəkdir. Yəqin ki, İsraillə Livan arasında ortaq nöqtə tapılmasa Yaxın Şərqdə atəşkəs yenə də dəfələrlə pozulacaq”.
Pərviz



