Müasir dövrün dərdi: “Sürət xəstəliyi”

KÖŞƏ YAZILARI
10:30 / 08.06.2026
111

Siz də “WhatsApp”da gələn səsli mesajları 1.5x və ya 2x sürətlə dinləyir və yaxud da “YouTube”da bir videonun giriş hissəsinə dözməyib dərhal irəli sarırsınız? Həmçinin, yeməyinizi dadını hiss etmədən, sanki bir yerə gecikirsinizmiş kimi ayaqüstü yeyirsiniz? 

Əgər cavabınız bəlidirsə, siz də müasir dünyanın ən yoluxucu epidemiyasına “sürət xəstəliyinə” yoluxmusunuz. 

Müasir mədəniyyət bizə elə bir proqram yükləyib ki, yavaşlamaq, bir anlıq dayanmaq sanki bağışlanılmaz bir cinayət, rəqiblərinə könüllü şəkildə uduzmaq deməkdir.

Bəs biz hara qaçırıq? Ən əsası, qazandığımız o saniyələrlə nə edirik? 

Əslində, texnologiya bizə zaman qazandırmaq vədi ilə gəldi. Paltaryuyan maşınlar, sürətli qatarlar, bir saniyəyə mesaj ötürən internet və daha nələr... Məntiqən, bizim dincəlmək üçün daha çox vaxtımız olmalı idi, elə deyilmi? Amma tam tərsi baş verdi.

Qazandığımız hər boş saniyəyə yeni bir iş, yeni bir tapşırıq yerləşdirdik. İndi eyni anda həm kofe içir, həm e-maillərə cavab verir, həm də sosial şəbəkədəki gündəmi təqib edirik. Eyni anda çoxlu iş görmək müasir dövrün meditasiyası elan olunub. Hərçənd ki, bu, beynimizin daimi olaraq gərginlik rejimində qalmasından başqa bir şey deyil.

Biz sürəti o qədər şüursuz şəkildə həyatımızın mərkəzinə qoymuşuq ki, təbiətin və insan ruhunun özünəməxsus bir ritmi olduğunu unutmuşuq.

Bir uşağın böyüməsi, bir dostluğun formalaşması, yaxşı bir kitabın həzm edilməsi və ya bir yaradıcı ideyanın beyində yetişməsi zaman tələb edir. Bunları 2x sürətlə etmək qeyri-müəyyəndir. Həyatı irəli sara-sara yaşayanda, əslində hekayənin içindəki gözəl detalları qaçırırıq. Bir filmi sürətləndirib baxanda onun sonunu öyrənə bilərsiniz, amma o filmdən sənət zövqü ala bilməzsiniz. Çünki sürət dərinliyin ən böyük düşmənidir. 

Bu gün cəmiyyət tərəfindən bizə təzyiq olunur: “Daha sürətli ol, daha çox istehsal et, geri qalma”.

Əlbəttə ki, belə bir mühitdə bilərəkdən, şüurlu şəkildə yavaşlamaq əslində bir qəhrəmanlıq və böyük bir üsyandır. Bir bazar gününü heç bir plan qurmadan, sadəcə pəncərədən küçəni izləyərək keçirmək, gələn mesajlara dərhal deyil, bir neçə saat sonra cavab vermək, qəhvəni sadəcə onun ətrini hiss edərək içmək mümkün olmur. Çünki bunlar müasir dünyada demək olar ki, qadağan olunmuş ləzzətlərdir. 

Unutmayın, həyat harasa tez çatmaq və xəttin sonundakı bayrağı hamıdan əvvəl götürmək yarışı deyil. Həyat hər anını yaşamalı olduğumuz bir yerdir. Səsli mesajı normal sürətdə dinləyin, addımlarınızı yavaşladın. Qoy dünya öz çılğın sürəti ilə qabağa qaçsın, siz bir az geridə qalıb nəfəs alın. Çünki yalnız yavaşlayanda insan həqiqətən yaşadığını hiss edir...

Pərviz

0