Çin Elm və Texnologiya Universiteti ilə Çin Geoloji Araşdırmalar Qurumu alimləri Tibet Muxtar Bölgəsinin Dinqye ərazisində yüksək saflıqlı kvarsla olduqca zəngin böyük bir yataq aşkarlayıb.
HİT.az xəbər verir ki, "China Daily" qəzetinin yaydığı məlumata görə, bu kəşfin Çinin mikroelektronika istehsalında kritik əhəmiyyət daşıyan xammal idxalından asılılığını ciddi şəkildə azalda biləcək potensiala malik olduğunu ortaya qoyur.
Tədqiqat çərçivəsində Dinqye bölgəsindəki lökogranit (açıq rəngli qranit) süxurları detallı şəkildə araşdırılıb. Mütəxəssislər bu formasyonların yüksək texnologiya sektorlarında istifadə oluna biləcək səviyyədə saflaşdırıla bilən böyük həcmdə kvars ehtiyatı daşıdığını müəyyən edib. Tədqiqatçılar həmçinin mineralın tərkibindəki yad maddələrin emal proseslərində təmizlənə biləcəyini və inkişaf etdiriləcək təmizləmə texnologiyaları ilə son məhsul keyfiyyətinin ən yüksək səviyyəyə çatdırıla biləcəyini vurğulayıblar.
Yüksək saflıqlı kvars xüsusilə günəş panellərində istifadə olunan polisilikon istehsalı və silikon lövhələrin formalaşdırılmasında istifadə edilən kvars potalarının hazırlanmasında əsas xammal kimi ön plana çıxır. Yaşıl enerji keçidi və çip sənayesində sürətli artım bu strateji materiala olan qlobal tələbi ildən-ilə artırır.
Lakin qlobal miqyasda yüksək saflıqlı kvars təchizatı məhdud sayda bölgələrdən təmin edilir. Mövcud təchizatın böyük hissəsi uzun illərdir sənayenin əsas tədarükçüsü olan ABŞ-ın Şimali Karolina ştatındakı Spruce Pine yataqlarından əldə olunur.
Elektronika istehsalında qlobal oyunçulardan biri olan Çin indiyədək ən yüksək keyfiyyətli kvars ehtiyacının mühüm hissəsini ABŞ-dan idxal etmək məcburiyyətində qalırdı. Bu isə təchizat zəncirində həssaslıq yaradırdı. Yeni kəşf Pekinin son illərdə sürətləndirdiyi strateji mineral axtarış siyasətinin somut nəticəsi kimi qiymətləndirilir.
Araşdırma müəlliflərinə görə, Tibet bölgəsində geniş yayılmış lökogranit formasyonları Çinin gələcəkdə strateji xammalları daha böyük miqyasda daxili resurslardan təmin etməsi üçün mühüm istehsal mərkəzinə çevrilə bilər və bu, qlobal balansı dəyişdirə bilər.
Samir


