"Laçın yolunda bayrağımızın dalğalanması ermənilərə və onu dəstəkləyənlərə açıq mesaj oldu"

SİYASƏT
14:03 / 26.04.2023
1233

Xəbər verdiyimiz kimi, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırılıb. Dövlət Sərhəd Xidmətinin zabiti bayrağımızın qaldırılması barədə Ali Baş Komandana məruzə edib.

Xatırladaq ki, 22 apreldə Ermənistan tərəfindən birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsi quruldu. 23 apreldə isə buna adekvat olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. 

Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Xankəndidə məskunlaşan qeyri-qanuni erməni silahlı dəstələri hərbi texnika və silah-sursat daşımağa davam edirdilər. Üstəlik, bütün bunlar Rusiya sülhməramlılarının gözü qarşısında baş verirdi. Nəticədə, Azərbaycan özü təkbaşına problemi həll etdi. Bəzi ermənipərəst mövqedən çıxış edən ölkələr buna qarşı çıxmağa çalışsa da, bu, heç nəyi dəyişməyəcək. Çünki biz heç bir beynəlxalq hüququ və normanı pozmadan öz suveren ərazimizdə nəzarət-buraxılış məntəqəsini qurduq. Orada şanlı bayrağımızın dalğalanması isə bir daha ermənilərə və onu dəstəkləyən qüvvələrə açıq mesaj oldu.

Politoloq Turan Rzayev HİT.az-a açıqlamasında bildirib ki, nə Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin quraşdırılması, nə də orada Azərbaycan bayrağının ucaldılması təəccüblü deyil:

"Azərbaycanın öz suveren ərazilərində nəzarət-buraxılış məntəqəsi qurması və bayrağını ucaltması beynəlxaq hüquqa uyğundur. Bu məsələ ilə bağlı heç kəs bizə irad bildirə bilməz. Ümumiyyətlə, Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi quraşdırılması ölkə başçısnın qətiyyətli və ardıcıl siyasətinin  nəticəsidir. Hesab edirəm ki, proseslərə məntiqi ardıcıllıqla yanaşmaq daha doğru olardı. 

İlk öncə onu qeyd etmək lazımdır ki, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının imzalanması ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlar zamanı Ermənistan tərəfi dəhlizin 20 km enində və öz nəzarətində olmasını təkid etmişdi. Lakin Prezident İlham Əliyevin bununla razılaşmadı və nəticədə dəhlizin 5 km müəyyən edilməsi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəalar üçtərəfli Bəyanatda əksini tapdı".

Politoloq vurğulayıb ki, 2022-ci ilin sentyabrında Laçının mərkəzinin qansız və heç bir qurban olmadan Azərbaycanın nəzarətinə keçdi:

"Sentyabrın 21-də Prezident İlham Əliyevin Laçına səfəri zamanı şəhərin mərkəzində Azərbaycan bayrağı ucaldıldı. Hesab edirəm ki, ölkə başçısı bu hadisə ilə nəzarət-buraxılış məntəqəsi quraşdırılmasına dair ilk mesajı vermişdi. Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmaqla təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini bir daha hamıya təsdiqlədi. Əlbəttə, reinteqrasiya prosesi də bu gün də davam edir. Görüləsi işlər hələ də var. Lakin düşünürəm ki, bu ciddi bir uğurdur və bu uğurun ardı gələcək".

Pərviz

0