Zəngəzur dəhlizi ilə bağlı KRİTİK TARİX - Hər kəsin gözlədiyi o xəbər!

SİYASƏT
16:25 / 15.09.2024
193

Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı mübahisələr bitmir. Dünyada dəhliz nümunələri kifayət qədər olduğu halda, xüsusən də İranın canfəşanlıq edərək, bu məsələni özü üçün az qala faciə kimi təqdim etməsi, necə deyərlər, yaxa cırması və “ermənidən çox erməni olmağa” çalışması, hətta Rusiyanı hədəf alması əlavə suallar yaradıb. 

Onların hamısı cavablar tələb edir. Bəs Zəngəzur “düyünü” necə və nə vaxt açılacaq? Bu məsələdə həlledici, yekun sözü hansı dövlət deyəcək? Gözlənilirdi ki, Sankt-Peterburqda BRİKS ölkələrinin təhlükəsizlik məsələləri üzrə rəsmilərinin təzəcə başa çatmış görüşündə iştirak edən İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiya tərəfi ilə bu mövzuda da müzakirə aparacaq. Daha əhəmiyyətlisi isə Rusiyanın (Putinin) gələn ay - oktyabrda Kazanda ev sahibliyi edəcəyi BRİKS sammiti çərçivəsində baş tuta bilər. 

“Yeni Müsavat” bildirir ki, Türkiyə, Azərbaycan, İran və Ermənistan rəhbərlərinin sammitə qatılacağı təsdiqlənib. Bu dövlətlərin hamısının Zəngəzur dəhlizi mövzusuna bu və ya digər dərəcədə aidiyyəti var. O halda BRİKS sammiti çərçivəsində Zəngəzur “düyünü”nün hansı şəkildə açılması və ya tərəflərin ortaq məxrəcə gəlməsi mümkündürmü? Bu arada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bir daha Moskvanın Zəngəzur dəhlizi ilə bağlı öz mövqeyini İran tərəfinə izah etdiyini bildirib. “Biz tərəfdaşlarımızla təmasdayıq və bu, daimi təmasdır. Dəhlizlə bağlı bütün izahatları vermişik. Təqdim etdiyimiz arqumentlər Tehranda dinlənilib və qəbul edilib”, - Zaxarova vurğulayıb. Bu nə arqumentlərdir və əgər onları Tehran qəbul edibsə, niyə sakitləşmir? “Rusiya Zəngəzurla bağlı Tehranla əvvəlki razılaşmalara sadiqdir”. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iranlı həmkarı ilə görüşdə bildirib. Onun sözlərinə görə, Moskvanın bu məsələdə siyasəti qətiyyən dəyişməyib.

Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fyodorov “Moskva-Bakı” portalına müsahibəsində deyib ki, son vaxtlar Tehran rəsmiləri Zəngəzur dəhlizinə qarşı çox sərt çıxış edirlər: “Bu, regionun gələcək inkişafı konsepsiyası və bu perspektivdə İranın yeri ilə bağlıdır, çünki Tehran indiki vəziyyətdə daha çox imkanlara, o cümlədən nəqliyyat kommunikasiyalarına malik olmaq, regiondakı vəziyyətə təsir etmək istəyir. Hər şey ondan irəli gəlir ki, İran Azərbaycan və Rusiyanın bu dəhlizə nəzarət etmək istəməsindən narazıdır. Tehran Zəngəzur dəhlizi layihəsini həyata keçirməklə regionda öz təsirini müəyyən qədər itirəcəyini düşünür. Bu, təcrid olunmaqda davam edən İran üçün ən böyük suallardan biridir”. Onun fikrincə, Zəngəzur dəhlizi layihəsi regionun bütün nəqliyyat kommunikasiyaları sistemini dəyişə biləcək ciddi layihədir: “Bu, həqiqətən də ciddi layihədir və hər kəs onun əhəmiyyətini anlayır, ona görə də mübarizə gedir. İranın öz mövqeyi var. Prezident dəyişdi. İran öz tərəfində oynayır, başqasının tərəfində deyil. Və o cümlədən Ermənistan tərəfində deyil. Vəziyyəti qiymətləndirərkən bundan yola çıxmalıyıq”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun “Yeni Müsavat”a sözlərinə görə, üçtərəfli sənədin 9-cu bəndində yolların necə açılması göstərilib. “Bu nəqliyyat kommunikasiyalarından istifadə zamanı Ermənistan maneəsiz keçidi təmin etmək öhdəliyi götürüb. Razılaşmaya əsasən nəzarət Rusiya Federal Təhlükəsizlik Xidmətində olmalıdır. Amma İrəvan geridə qalan dövr ərzində Moskvadan uzaqlaşdıqca bu şərtləri yerinə yetirməkdən boyun qaçırmağa başladı. Bu şəraitdə İran fürsət bildi, yolların açılışını ”qırmızı xətt" elan etdi, sərhədlərin dəyişməsi kimi qiymətləndirdi. Bunun ardınca Ermənistan Avropa İttifaqının mülki missiyasını sərhədə yerləşdirdi, di gəl, İran buna da etiraz etmədi. Görün, Tehran nə qədər narazıdır ki, onun rəqibi olan Qərbin kəşfiyyat qrupunun sərhədə yerləşməsinə qarşı çıxmadı. Bundan sonra ABŞ-dan gələn hərbi yük təyyarəsində olan qüvvələr sərhədə gətirildi, amma İran yenə sərt reaksiya vermədi. Deməli, düşmənlərinin sərhədi cəlb olunmasına göz yumur, dəhlizin işə düşməsinə tərəfdar deyil",- deyə siyasi şərhçi belə təhlil edir. 

Onun ritorik sualına görə, Ermənistan öz təhlükəsizliyinə qarant ola bilmirsə, dəhlizə necə nəzarət edəcək: “İranın keçmiş iqtidarı ilə Azərbaycan arasında razılaşmalar var idi. Amma indiki İran rəhbərliyi də dəhliz əleyhinədir. Baxmayaraq ki, bu yoldur, sərhədlər dəyişmir, yenə də sərt etiraz var. Digər tərəfdən, Türkiyə və Azərbaycan birləşəcək, İran bundan da narahatdır. Təbii ki, iqtisadi dividentlər məsələsi də əlavə edilməlidir. Çünki İran üzərindən Orta Dəhlizin olmasını istəmirlər”. X.Bəşirov BRİKS-dəki zirvəyə gəlincə, hesab edir ki, bu platformada iqtisadi mövzular müzakirə ediləcək və belə bir fürsət var: “Türkiyə, Azərbaycan, Mərkəzi Asiya dövlətlərinin rəhbərlərinin iştirakı imkan yaradacaq ki, bu məsələ müzakirə olunsun. Düşünürəm ki, siyasi-diplomatik yolla İran rəhbərliyinə təsir etməyə çalışacaqlar, bu iqtisadi layihənin İranın sərhədlərini dəyişməyəcəyini izah etməyə cəhd edəcəklər, hətta Tehranın bu logistikadan gələcəkdə yararlanmasını arqumentlərlə təqdim edə biləcəklər”.
 

0