Azad Vətən Partiyası 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat yayıb.
Hit.az-a daxil olan bəyanatda deyilir:
"8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qədim dövlətçilik tarixində qızıl hərflərlə yazılmış, milli qürurumuzun, iradəmizin və sarsılmaz birliyimizin təntənəsinə çevrilmiş möhtəşəm tarixi gündür. Bu şanlı Zəfər Azərbaycan dövlətinin gücünü, xalqımızın vətənpərvərliyini, milli həmrəyliyini və ordumuzun qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində həlledici mərhələ oldu.
Bu Zəfər, ilk növbədə, Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və Azərbaycan xalqının sarsılmaz iradəsi hesabına qazanılmışdır. Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və müharibə iştirakçılarına minnətdarlığımızı bildiririk".
Partiya qeyd edib ki, Zəfər Gününün tarixi və mənəvi əhəmiyyəti ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmır:
"Bu möhtəşəm Zəfər həm də müasir, güclü, suveren və demokratik Azərbaycanın gələcək inkişafı üçün mühüm ideoloji və siyasi əsasdır. Bu gün xalqımızın, dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri milli birliyimizi daha da möhkəmləndirmək, azad edilmiş ərazilərimizin dirçəldilməsinə, Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsinə, ölkəmizin iqtisadi və sosial inkişafına töhfə verməkdir.
İnanırıq ki, siyasi baxışlarımızdan və mövqelərimizdən asılı olmayaraq, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqlarımızın qorunması və ölkəmizin gələcəyinin təmin olunması hər bir vətəndaşmızın ortaq məsuliyyətidir. Azad Vətən Partiyası həmişə dövlətimizin yanındadır. Bu əlamətdar gündə bir daha bildiririk ki, güclü dövlət, həmrəy cəmiyyət və milli maraqlara əsaslanan siyasi dialoq Azərbaycanın davamlı inkişafının başlıca təminatıdır.
8 Noyabr – Zəfər Günümüz mübarək! Qarabağ Azərbaycandır!
Yaşasın müstəqil, suveren və qüdrətli Azərbaycan!"


