Azərbaycan Milli İstiqlal Partiyası 8 Noyabr - Zəfər Günü münasibətilə bəyanat yayıb.
Hit.az-a daxil olan bəyanatda deyilir:
"8 Noyabr – Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin və dövlətçilik əzminin təntənəsi olan Zəfər Günüdür. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Böyük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin altıncı ildönümü münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir!
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu.
Otuz ilə yaxın davam edən işğala son qoyulması, tarixi ədalətin bərpası və ərazi bütövlüyümüzün təmin edilməsi xalqımızın əsrlər boyu yaşatdığı milli arzuların gerçəkləşməsi idi. Bu möhtəşəm Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müstəsna siyasi və hərbi-strateji rəhbərliyi, qətiyyətli iradəsi və prinsipial mövqeyi həlledici əhəmiyyət daşıdı. Müharibənin ən mürəkkəb mərhələlərində nümayiş etdirdiyi siyasi liderlik, düzgün strateji qərarlar, diplomatik müstəvidə apardığı prinsipial mübarizə və informasiya cəbhəsindəki fəaliyyəti Azərbaycanın Qələbəyə aparan yolunda mühüm rol oynadı".
Partiya qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirdi:
"Azərbaycan əsgəri öz canı və qanı bahasına torpaqlarımızı işğaldan azad edərək xalqımızın sınmayan iradəsini bütün dünyaya nümayiş etdirdi. Xalqın öz Liderinin ətrafında sıx birləşməsi, dövlətlə xalqın vahid amal uğrunda həmrəyliyi bu tarixi Qələbənin ən mühüm mənəvi-siyasi dayaqlarından birinə çevrildi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Zəfər salnaməmizin zirvə nöqtəsi oldu. Şuşanın azadlığı hərbi uğurla yanaşı, həm də Azərbaycan xalqının tarixi yaddaşının, milli-mənəvi kimliyinin və dövlətçilik iradəsinin təntənəsi idi. Məhz bu Qələbə ilə Azərbaycan öz gücünü, siyasi iradəsini və milli birliyini beynəlxalq aləmə nümayiş etdirdi.
Bu möhtəşəm Zəfər şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına qazanılmışdır. Azərbaycan Milli İstiqlal Partiyası Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir. Qazilərimizə möhkəm cansağlığı, şəfa və uzun ömür arzulayır. Şəhidlərimizin əmanəti olan Vətən torpağının qorunmasını hər birimizin müqəddəs borcu hesab edirik".
O da vurğulanıb ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Zəfərin məntiqi davamıdır:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində yenidən qurulan şəhərlər, salınan yollar, tikilən hava limanları, müasir yaşayış məntəqələri Azərbaycanın həmin torpaqlarda yeni həyat quran qüdrətli dövlət olduğunu təsdiqləyir. Soydaşlarımızın öz dogma yurdlarına qovuşması tarixi ədalətin bərpasının ən böyük mənəvi nəticələrindəndir.
AMİP hesab edir ki, qazanılmış tarixi Qələbənin qorunması və möhkəmləndirilməsi, dövlət müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün əbədi təminatı milli siyasətimizin əsas prioritetləri olaraq qalmalıdır. Bunun üçün güclü dövlət, qüdrətli ordu, milli həmrəylik və Xalq-Dövlət birliyi strateji əhəmiyyət daşıyır. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırmışdır. Bu reallıqların davamlı sülhə, təhlükəsizliyə və qarşılıqlı əməkdaşlığa çevrilməsi regionun gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Milli İstiqlal Partiyası milli istiqlal ideallarına və dövlətçilik prinsiplərinə sadiq qalaraq bəyan edir ki, Azərbaycanın müstəqilliyinin, suverenliyinin, milli maraqlarının və ərazi bütövlüyünün qorunması bundan sonra da siyasi fəaliyyətimizin başlıca istiqamətlərindən biri olacaqdır.
Böyük Zəfərin qazandırdığı tarixi məsuliyyət hər birimizi dövlətimizin daha da güclənməsi, milli birliyimizin möhkəmlənməsi və Azərbaycanın beynəlxalq mövqelərinin yüksəlməsi naminə çalışmağa səsləyir. Bu gün Azərbaycan xalqının öz taleyinə sahib çıxdığı, milli iradəsini bütün dünyaya nümayiş etdirdiyi və dövlətçilik tarixində yeni bir səhifə açdığı gündür. 8 noyabr Zəfər günü Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün milli qürur və dövlətçilik örnəyi olacaqdır!"


