Payız aylarında, xüsusilə noyabrda günlərin qısalması, havaların soyuması və il ərzində toplanan yorğunluq insanlarda yuxululuğun artmasına səbəb ola bilər. Mütəxəssislər bu vəziyyətin öhdəsindən gəlmək üçün gün işığından daha çox yararlanmağı, yuxu rejimini qorumağı və sosial həyatdan uzaqlaşmamağı məsləhət görürlər.
HİT.az xəbər verir ki, bu barədə klinik psixoloq Mariya Qalkina “İzvestiya” nəşrinə açıqlamasında danışıb.
Psixoloqun sözlərinə görə, payızda aktivliyin azalmasına görə özünü qınamaq düzgün deyil. Təbii işığın azalması orqanizmin istirahət ehtiyacını artıra bilər. Buna görə də insan əvvəlki iş tempini qorumağa çalışmaq əvəzinə, öz vəziyyətini nəzərə alaraq gündəlik rejimini uyğunlaşdırmalıdır.
Qalkina gün ərzində təbii işıqdan maksimum yararlanmağı tövsiyə edir. Bunun üçün günorta saatlarında gəzintiyə çıxmaq, gündüz pərdələri açıq saxlamaq və iş masasını mümkün qədər pəncərəyə yaxın yerləşdirmək faydalıdır.
Yuxululuğun azaldılması üçün işıq terapiyası da təsirli üsullardan biri hesab olunur. Psixoloq səhər saatlarında təxminən 10 min lüks gücündə parlaq işıq lampasının qarşısında 20-30 dəqiqə vaxt keçirməyin orqanizmin bioloji saatını tənzimləməyə kömək edə biləcəyini bildirib.
Mütəxəssis, həmçinin yuxu və fiziki aktivlik rejiminin sabit saxlanılmasını vacib sayır. Hər gün, o cümlədən həftəsonları eyni saatda yatıb oyanmaq, günün ikinci yarısında kofein qəbulunu azaltmaq tövsiyə olunur. Bu, həm yuxuya getməyi asanlaşdıra, həm də narahatlıq hissinin qarşısını ala bilər.
Qalkina sosial münasibətlərin qorunmasının da əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, qısa söhbətlər və yaxınlarla ünsiyyət belə emosional vəziyyətə müsbət təsir göstərə bilər. İnsanlar xoş fəaliyyətləri yalnız istirahət günlərinə və ya məzuniyyətə saxlamamalı, həftə ərzində də özlərinə kiçik sevinc mənbələri yaratmalıdırlar.
Psixoloq hesab edir ki, payız yorğunluğunun öhdəsindən gəlmək üçün əsas məsələ orqanizmin dəyişən mövsümə uyğunlaşmasına şərait yaratmaq və gündəlik həyatda balansı qorumaqdır.
Samir

