Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.
HİT.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Qəbula görə minnətdarlığını bildirən Abdinur Dahir Fidou Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Hasan Şeyx Mahmuda çatdırmağı xahiş edib.
Dövlət başçısı ötən il ölkələrimiz arasında dostluq münasibətlərində yeni səhifə açmış Somali Prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq, həmin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını, əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra sənədlərin imzalandığını vurğulayıb.
Azərbaycan Prezidenti ölkələrimiz arasında yaxşı siyasi münasibətlərin olduğunu deyərək, iqtisadi əməkdaşlığı genişləndirməyin önəminə toxunub.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Somalinin Azərbaycanda səfiri təyin olunmasından məmnunluğunu bildirən Abdinur Dahir Fidou ölkələrimiz arasında münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Söhbət zamanı ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib, son dövrlərdə təmasların intensivləşdiyi və qarşılıqlı səfərlərin sayının artdığı vurğulanıb.
Görüşdə iqtisadiyyat, ticarət və digər sahələrdə əlaqələri genişləndirmək üçün yaxşı potensialın olduğu bildirilib.
Somali Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış sənədə əsasən, bu ölkədə “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə bağlı işlərin davam etdirildiyi vurğulanıb.
Elm və təhsil sahələrində əməkdaşlığa toxunulub, hələ sovet dövründə Somalidən çoxsaylı tələbənin ölkəmizdə təhsil aldığı və bu ənənənin hazırda da davam etdiyi qeyd olunub. Bu xüsusda Somalidən olan tələbələrin Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil aldıqları bildirilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycanla Kolumbiyanın coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ikitərəfli münasibətlərin yaxşı səviyyədə qurulduğunu dedi və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyin əhəmiyyətinə toxundu.
Prezident İlham Əliyev siyasi əlaqələrimizə əsaslanaraq iqtisadi, investisiyalar, turizm və digər sahələrdə münasibətləri dərinləşdirməyin önəmini vurğuladı.
Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzuladı.
Ölkəmizdə Kolumbiyanın ilk qadın səfiri olmasından şərəf hissi duyduğunu deyən Nelsi Rakel Munar Xaramiyo siyasi dialoqu və əlaqələrimizi möhkəmləndirmək, həmçinin əməkdaşlıq üçün yeni imkanların aşkarlanması istiqamətində səylə çalışacağını bildirdi.
Səfir Kolumbiya tərəfindən Azərbaycanda ispan dilinin təşviqi məqsədilə bu dilin tədrisi üzrə kursların təşkil olunduğunu, azərbaycanlı tələbələrin və mütəxəssislərin bu proqramda fəal şəkildə iştirak etdiyini məmnunluqla vurğuladı.
Söhbət zamanı ötən il Azərbaycanla Kolumbiya arasında “ASAN xidmət” modelinin bu ölkədə tətbiqi ilə bağlı anlaşma memorandumunun imzalandığı xatırlandı.
Görüşdə Azərbaycan ilə Kolumbiya arasında kənd təsərrüfatı, ərazilərin minalardan təmizlənməsi, təhsil, mədəniyyət və digər sahələrdə münasibətləri genişləndirməklə bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycanla Kolumbiyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunuldu, bu xüsusda hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda bir-birini dəstəklədiyi məmnunluqla vurğulandı.
Söhbət zamanı parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı təmasların, həmçinin səfərlərin sayının artırılması və maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Esvatini Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulunu qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib.
Səfir Esvatininin Kralı Əlahəzrət III Msvatinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Esvatini Kralına çatdırmağı xahiş edib.
Dövlətimizin başçısı Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş sammiti zamanı Esvatini Kralının ölkəmizə səfərini məmnunluqla xatırladaraq, onun gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun sessiyasında iştirak edəcəyinə ümidvarlığını bildirib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Esvatini Krallığı arasında siyasi dialoqun səviyyəsindən məmnunluğunu ifadə edib, digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün yaxşı potensialın olduğunu deyib.
Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyevin Azərbaycana uğurla rəhbərlik etdiyini vurğulayan səfir ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, həmçinin iqtisadi inkişaf sahəsində əldə edilmiş uğurlar ilə bağlı təbriklərini çatdırıb. O, həmçinin regionda sülhün əldə edilməsində dövlətimizin başçısının diplomatik səylərinə və roluna toxunaraq, bununla bağlı da Prezident İlham Əliyevi təbrik edib.
Səfir ikitərəfli əməkdaşlığımızın dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
O, ölkəsinin Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurasının sədri qismində Afrika qitəsində sülhün təmin olunması istiqamətində ardıcıl səylərini davam etdirdiyini vurğulayıb.
Söhbət zamanı Azərbaycan ilə Esvatininin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi qeyd edildi, energetika, elm, təhsil, humanitar, turizm, ətraf mühitin mühafizəsi, mədəniyyət və digər sahələrdə münasibətlərin qurulması üçün əlverişli imkanların olduğu bildirildi, potensial əməkdaşlıq sahələri ilə bağlı müzakirələrin aparılması üçün müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəminə toxunulub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
























