Yeni romantik münasibətlərdə həddindən artıq sürətli yaxınlaşma, əsassız emosional təzyiq və partnyorun şəxsi həyatını gizlətməsi manipulyasiyanın əlamətləri ola bilər. Psixoloqlar xəbərdarlıq edirlər ki, sevgi və diqqətə ehtiyac duyan insanlar bəzən bu cür davranışları vaxtında fərq etmir və dələduzların qurbanına çevrilirlər.
HİT.az xəbər verir ki, Harvard Universitetində təhsil almış klinik psixoloq Sabrina Romanoff münasibətlərdə diqqət yetirilməli beş təhlükəli əlaməti açıqlayıb. O, bu barədə CNBC üçün hazırladığı məqalədə yazıb.
Mütəxəssisin sözlərinə görə, bəzi insanlar qarşı tərəfin sevilmək, anlaşılmaq və qəbul edilmək istəyindən istifadə edərək saxta emosional bağlılıq yaradırlar. Məqsəd isə sonradan həmin şəxsin puluna və ya şəxsi məlumatlarına çıxış əldə etmək ola bilər.
Psixoloq belə hallarda aşağıdakı davranışlara diqqət yetirməyi tövsiyə edir:
1. Danışılan hadisələrlə emosional reaksiya uyğun gəlmir
Manipulyatorlar tanışlığın ilk mərhələsində ağır həyat hadisələrindən, travmalardan və şəxsi problemlərdən danışaraq qarşı tərəfdə rəğbət və etibar yaratmağa çalışa bilərlər. Lakin bəzən bu hadisələri qeyri-adi dərəcədə sakit, sanki əvvəlcədən hazırladıqları ssenari üzrə danışırlar. Bu, qarşı tərəfi də şəxsi məlumatlarını bölüşməyə sövq etmək üsulu ola bilər.
2. Münasibətlər qeyri-adi sürətlə inkişaf edir
Tanışlıqdan cəmi bir neçə gün və ya həftə sonra sevgi etirafları, birlikdə gələcək planları və ruh əkizi olduqları barədə fikirlər səsləndirilə bilər. Davamlı diqqət, komplimentlər və böyük vədlər insanın tənqidi düşüncəsini zəiflədərək partnyorun davranışındakı ziddiyyətləri görməsinə mane ola bilər.
3. Partnyorun həyatında daim problemlər yaranır
Belə şəxslər görüşlərin təxirə salınmasını və ya yoxa çıxmalarını qəfil problemlərlə izah edə bilərlər. Məsələn, uçuşun ləğv edilməsi, bank hesabı ilə bağlı çətinliklər və ya ailədə fövqəladə vəziyyətlər bəhanə kimi göstərilə bilər. Zaman keçdikcə qarşı tərəfdən maddi və emosional yardım istənilməsi də mümkündür. Beləliklə, insan özünü partnyorunu xilas etməyə borclu hiss etməyə başlayır.
4. Şəxsi həyatı və ətrafı barədə məlumatları gizlədir
Ciddi münasibət qurmaq istəyən insan zamanla partnyorunu dostları, ailə üzvləri və iş yoldaşları ilə tanış edir, gündəlik həyatı barədə məlumat paylaşır. Manipulyatorlar isə əksinə, şəxsi həyatları haqqında qeyri-dəqiq və ziddiyyətli məlumatlar verə, yaxınları ilə tanışlıqdan yayınaraq münasibətlərin gizli saxlanılmasını tələb edə bilərlər.
5. Daxili hissləriniz nəyinsə qaydasında olmadığını deyir
Psixoloq insanın öz şübhələrini görməzdən gəlməməsinin vacibliyini vurğulayıb. Səmimi münasibətlər zamanla insanda təhlükəsizlik, rahatlıq və aydınlıq hissi yaratmalıdır. Manipulyativ münasibətlər isə daha çox narahatlıq, çaşqınlıq və davamlı tələskənliklə müşayiət olunur. Partnyorun davranışını daim əsaslandırmağa və onun ziddiyyətli açıqlamalarına izah tapmağa çalışırsınızsa, bu, diqqətli olmaq üçün səbəbdir.
Romanoff yeni münasibətlərdə tələsməməyi, vədlərdən daha çox real davranışlara diqqət yetirməyi tövsiyə edib. Onun fikrincə, həqiqi yaxınlıq zaman tələb edir və insan öz hisslərinə, şübhələrinə göz yummağa məcbur edilməməlidir.
Qeyd edək ki, bu əlamətlərdən hər hansı birinin mövcudluğu özlüyündə dələduzluq və ya manipulyasiyanın sübutu deyil. Əsas məsələ davranışların davamlı xarakter almasına və münasibətdə qarşılıqlı etimada diqqət yetirməkdir.
Samir


