Bu gün telefon, qulaqcıq, kompüter və avtomobilləri bir-birinə bağlayan Bluetooth texnologiyasının adı heç də təsadüfi seçilməyib. Onun kökü təxminən min il əvvəl yaşamış Danimarka kralı Harald Qormssona və onun “Bluetooth” ləqəbinə gedib çıxır.
HİT.az xəbər verir ki, 10-cu əsrdə Danimarkaya rəhbərlik edən Harald Qormsson tarix mənbələrində “Bluetooth” adı ilə tanınır. Bu ləqəbin kralın tünd mavi və ya boz rəngdə görünən zədələnmiş dişindən yarandığı ehtimal edilir. İngiliscədə “blue” – mavi, “tooth” isə diş deməkdir.
Harald Qormsson Danimarka və Norveçi bir hakimiyyət altında birləşdirməsi ilə tanınır. Danimarkanın Yellinq şəhərində yerləşən runik daşlar da onun hakimiyyəti haqqında mühüm məlumatlar verir.
Lakin Viking kralının adı texnologiya dünyasında yalnız təxminən min il sonra məşhurlaşıb.
1990-cı illərin ortalarında müxtəlif şirkətlər cihazların qısa məsafədə simsiz əlaqəsini təmin edəcək vahid texnologiya üzərində işləməyə başlayıblar. 1996-cı ildə Intel, Ericsson və Nokia mühəndisləri bu sistemin standartlarını müəyyənləşdirmək üçün bir araya gəlib.
Intel mühəndisi Cim Kardax texnologiya üçün “Bluetooth” adını müvəqqəti kod adı kimi təklif edib. Onun seçiminin səbəbi Harald Qormssonun müxtəlif əraziləri birləşdirməsi olub. Yeni texnologiyanın məqsədi də fərqli cihazları vahid rabitə sistemi altında birləşdirmək idi.
Əslində şirkətlər bu adı son məhsul üçün nəzərdə tutmamışdı. Daha sonra “RadioWire” və “PAN” (“Personal Area Networking”) kimi alternativlər müzakirə edilib. Lakin “PAN” ifadəsi artıq internetdə geniş istifadə olunurdu, “RadioWire” adı ilə bağlı marka araşdırması isə vaxtında başa çatmayıb.
Nəticədə müvəqqəti kod adı dəyişdirilməyib və “Bluetooth” texnologiyanın rəsmi adına çevrilib.
Bluetooth-un Viking kralı ilə əlaqəsi yalnız adla məhdudlaşmır. Texnologiyanın məşhur loqosu da Harald Qormssona işarə edir.
Loqo qədim Skandinaviya runik əlifbasındakı iki simvolun birləşməsindən yaradılıb. Bu işarələr Haraldın adındakı “H” və “Bluetooth” ləqəbindəki “B” hərflərini ifadə edir.
Beləliklə, hər gün smartfonlarda, kompüterlərdə, qulaqcıqlarda və avtomobillərdə gördüyümüz Bluetooth simvolu əslində təxminən min il əvvəl yaşamış Viking kralının adını daşıyır.
Müvəqqəti kod adı kimi ortaya çıxan Bluetooth sonradan bütün dünyada simsiz əlaqənin ən tanınmış adlarından birinə çevrilib.
Samir


