“Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də Türkmənistana səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır”.
Bu sözləri sabiq maliyə naziri, professor Fikrət Yusifov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu səfərə yalnız növbəti diplomatik təmas kimi deyil, Xəzər hövzəsində və bütövlükdə Avrasiya məkanında formalaşan yeni geoiqtisadi reallıqlar kontekstində yanaşmaq lazımdır:
“Azərbaycanla Türkmənistanı ortaq tarix, milli-mənəvi dəyərlər və qardaşlıq münasibətləri birləşdirir. Lakin müasir dünyada dövlətlərarası münasibətlərin möhkəm təməli, ilk növbədə, qarşılıqlı iqtisadi maraqlar üzərində qurulur.
Bu baxımdan hər iki ölkənin malik olduğu enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi və tranzit imkanları əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün böyük potensial yaradır. Hesab edirəm ki, Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığının ən perspektivli istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir”.
Ekspert qeyd edib ki, bu gün Çinlə Avropa arasında alternativ ticarət yollarına marağın artması Orta Dəhlizin strateji əhəmiyyətini daha da yüksəldir:
“Türkmənistanın Türkmənbaşı limanı ilə Azərbaycanın Ələt limanı arasında yükdaşımaların genişləndirilməsi hər iki ölkəyə əlavə tranzit gəlirləri qazandırmaqla yanaşı, onları beynəlxalq ticarət sisteminin mühüm iştirakçılarına çevirə bilər.
Digər mühüm istiqamət enerji əməkdaşlığıdır. Türkmənistan dünyanın böyük təbii qaz ehtiyatlarına malik ölkələrindən biridir. Azərbaycan isə enerji resurslarının beynəlxalq bazarlara çıxarılması üçün inkişaf etmiş infrastruktura və zəngin təcrübəyə sahibdir.
Bu imkanların birləşdirilməsi, gələcəkdə Transxəzər qaz nəqli layihələrinin reallaşdırılması hər iki ölkənin iqtisadi maraqlarına cavab verməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də ciddi töhfə verə bilər. Təbii ki, bunun üçün kommersiya, texniki və siyasi məsələlərin həlli vacibdir”.
Professor vurğulayıb ki, Azərbaycanla Türkmənistan arasında siyasi münasibətlərin yüksək səviyyədə olması hələ iqtisadi əməkdaşlığın bütün potensialından istifadə edildiyi anlamına gəlmir:
“Mövcud imkanlarla müqayisədə qarşılıqlı ticarətin, birbaşa investisiyaların və birgə istehsal layihələrinin daha sürətlə genişləndirilməsinə ehtiyac var. İqtisadi münasibətlər yalnız enerji və tranzit sahələri ilə məhdudlaşmamalı, sənaye, kənd təsərrüfatı, turizm və özəl sektorlar arasında əməkdaşlığı da əhatə etməlidir.
Əslində, Azərbaycanla Türkmənistan arasında iqtisadi əlaqələrin dərinləşməsi təkcə bu iki dövlətin deyil, bütövlükdə Mərkəzi Asiyanın dünya bazarlarına çıxış imkanlarını genişləndirə bilər. Azərbaycan bu prosesdə Mərkəzi Asiya ilə Avropa arasında mühüm iqtisadi körpü rolunu oynamaq imkanına malikdir”.
Elmir Mustafa



