“Gənclərə dəstək ölkənin gələcəyinə və inkişaf potensialına qoyulan sərmayədir” - DEPUTAT

ÖLKƏ
10:45 / 27.11.2026
105

“Gənclərə dövlət dəstəyinin əsas məqsədi gənclərin təhsil alması, peşə qazanması, məşğulluğunun təmin edilməsi, yaradıcılıq və təşəbbüskarlıq imkanlarının genişlənməsi, eyni zamanda ölkənin ictimai, siyasi və iqtisadi həyatında fəal iştirak etməsi üçün şərait yaratmaqdır”. 

Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, gənclərə dəstək əslində ölkənin gələcəyinə, insan kapitalına və inkişaf potensialına qoyulan sərmayədir:


“Bu istiqamətdə görülən işlər konkret nəticələrlə müşayiət olunur. Təhsil sahəsində 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində hər il 500 gəncin dünyanın nüfuzlu ali məktəblərində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması üçün imkan yaradılıb. 2026-cı ildə proqramın növbəti qəbul mərhələsində 1221 namizəd müraciət edib. Bu, gənclərimizin beynəlxalq təhsil imkanlarına marağını və rəqabətə hazırlığını göstərir”.

Millət vəkili qeyd edib ki, məşğulluq sahəsində də diqqətəlayiq nəticələr var:
“Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, 2025-ci ildə 72,6 min gənc münasib işlə təmin edilib, 2500 gənc üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes yaradılıb, 9500-dək gənc peşə hazırlığı kurslarına cəlb olunub. Bu rəqəmlər dövlət dəstəyinin yalnız iş axtaran gəncə iş tapmaqda deyil, öz biznesini qurmaqda və əmək bazarının tələblərinə uyğun peşə qazanmaqda da kömək etdiyini göstərir”.

Həmsöhbətimiz əlavə edib ki, digər mühüm istiqamət gənclərin təşəbbüslərinin maliyyələşdirilməsi və ictimai fəallığının artırılmasıdır:
“Gənclər Fondunun 2026-cı ildə keçirdiyi qrant müsabiqəsinin nəticələrinə əsasən, 55 gənclər təşkilatının və 84 gəncin layihə təklifinin dəstəklənməsi məqsədəuyğun hesab edilib. Bu, gənclərin yalnız dövlət proqramlarının iştirakçısı deyil, həm də yeni ideyaların müəllifi və ictimai proseslərin fəal tərəfdaşı kimi çıxış etməsinə şərait yaradır.

Dövlət gənclər siyasətinin digər mühüm tərəfi regionlarda yaşayan, sosial baxımdan həssas vəziyyətdə olan, xüsusi istedad və bacarıqları ilə seçilən gənclərə diqqətin artırılmasıdır. Gənclər evləri, könüllülük proqramları, idman və yaradıcılıq təşəbbüsləri, eləcə də beynəlxalq mübadilə imkanları gənclərin bilik və bacarıqlarını inkişaf etdirməsinə, ünsiyyət çevrəsini genişləndirməsinə və cəmiyyət həyatında daha fəal iştirakına xidmət edir”.

E. Akimova hesab edir ki, gənclərə dəstəyin əsas meyarı yaradılan imkanların onların real həyatında hansı nəticələri doğurmasıdır: 
“Təhsil alan gəncin keyfiyyətli bilik qazanması, məzunun layiqli iş tapması, təşəbbüskar gəncin öz biznesini qurması, istedadlı gəncin elmdə, mədəniyyətdə və idmanda uğur əldə etməsi bu siyasətin konkret nəticələridir. Eyni zamanda, gənclər də yaradılan imkanlardan səmərəli istifadə etməli, biliklərini daim artırmalı, təşəbbüskar və məsuliyyətli olmalıdırlar.

Gənclərə dəstək yalnız onların bugünkü ehtiyaclarının qarşılanması deyil, sabah ölkənin inkişafına töhfə verəcək mütəxəssislərin, alimlərin, sahibkarların və məsuliyyətli vətəndaşların yetişdirilməsidir. Əsas hədəf gənclərin öz potensialını Azərbaycanda reallaşdıra biləcəyi, əməyinin və biliyinin qiymətləndirildiyi, təşəbbüslərinin dəstəkləndiyi mühitin daha da genişləndirilməsidir”.

Elmir Mustafa

0