Azərbaycan beynəlxalq dialoq məkanına çevrilir

SİYASƏT
13:00 / 16.10.2026
255

“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısının Bakıda keçirilməsinin çox böyük əhəmiyyəti var”.

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın AQEM-ə 2 illik sədrliyi müsbət qiymətləndirilib və bununla bağlı əldə olunan konsensusa əsasən sədrliyin müddəti daha iki il uzadılıb:


“Əlbəttə ki, Azərbaycanın AQEM-ə sədrliyinin müddətinin uzadılması da ölkəmizə olan etimaddan irəli gəlir. Nəzərə almaq lazımdır ki, AQEM geniş bir coğrafiyanı əhatə edən mühüm beynəlxalq təşkilatlardan biridir. 28 üzv dövlət, 10 müşahidəçi dövlət və 6 beynəlxalq təşkilat burada bir araya gəlir. 

Bu təşkilatın üzvləri sırasına Rusiya, Çin, İsrail, İran və Mərkəzi Asiya ölkələri daxildir. Eyni zamanda, ABŞ, Yaponiya və Ukrayna kimi dövlətlər isə müşahidəçi qismində bu prosesdə təmsil olunurlar. Həmçinin, ATƏT, BMT və digər beynəlxalq təşkilatlar da AQEM daxilində fəaliyyət göstərən qurumlardandır”.

Ekspert qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə mühüm addımlar atılıb:
“Bu dövründə təşkilata ev sahibliyi etməyimiz, Qadınlar Şurasının, Gənclər Forumunun yaradılması, ali təhsil müəssisələrinin tərəfdaşlıq şəbəkəsinin qurulması, eləcə də media forumunun keçirilməsi və digər institusional yeniliklərin edilməsi beynəlxalq səviyyədə müsbət qarşılanıb. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə yüksək etimad qazandığını və etibarlı beynəlxalq dialoq məkanına çevrildiyini nümayiş etdirir. 

Ölkəmiz bundan əvvəl Qoşulmama Hərəkatına 4 il müddətində uğurla sədrlik edib, Türk Dövlətləri Təşkilatının (TDT) yaranması üçün təşəbbüslər irəli sürüb, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, həmçinin Mərkəzi Asiya Dövlət Başçılarının məşvərət qurumuna və D-8-ə qəbul edilib. Bu ardıcıl və pratik addımlar Azərbaycanın xarici siyasətinin uğurlarını və qlobal miqyasdakı nüfuzunu bir daha sübut edir”.

Politoloq sözlərini belə yekunlaşdırıb:
“Bütün bunlar artıq dünyada Azərbaycanın beynəlxalq dialoq məkanı olduğunu ortaya qoyur. Üstəlik, bu tədbirdə əldə edilmiş razılaşmaların əhəmiyyəti də ondan xəbər verir. Hesab edirəm ki, bunlar da öz növbəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna müsbət təsir göstərən addımlardandır”.

Elmir Mustafa

0