Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTO

SİYASƏT
13:03 / 16.10.2026
168

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib.

HİT.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlətimizin başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev bu ilin aprelində Gürcüstana dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıb.

Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin tarixinin və böyük gələcəyinin olduğunu deyən dövlətimizin başçısı iki müstəqil dövlət kimi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb, xalqlarımızın qardaşlıq əlaqələrinin olduğunu bildirib.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Qəbula görə minnətdarlığını bildirən Qiorqi Zakaraşvili qardaş Azərbaycana səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşdən böyük şərəf hissi duyduğunu deyib. Səfir ölkələrimizin strateji tərəfdaş, xalqlarımızın isə bir-birinə yaxın olduqlarını vurğulayıb.

O, fəaliyyəti dövründə Azərbaycanla Gürcüstan arasında tarixən mövcud əməkdaşlığı daha da genişləndirmək üçün səylərini əsirgəməyəcəyini bildirib.

Söhbət zamanı siyasi əlaqələrimizin inkişafından məmnunluq ifadə olundu, iqtisadi-ticari, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Ölkələrimizin enerji və nəqliyyat sahələrində həyata keçirdikləri birgə layihələrə toxunuldu, onların yalnız regional deyil, eyni zamanda, qlobal səviyyədə mühüm əhəmiyyət daşıdıqları vurğulanıb.

0