“Zəfər günü tariximizin büyük məzmuna və gələcəyə yönəlmiş çağırışlara malik olan əhəmiyyətli bir gündür”.
Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, 8 Noyabr Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması yolunda başlanmış müharibənin son günü sayılır:
“Eyni zamanda xalqımızın, dövlətimizin tarixina suverenliyin və ərazi bütövlüyünün təminatı, təmin olunduğu günün ifadəsi kimi tariximizdə qalacaq. Zəfər günü Azərbaycan cəmiyyətinin öz dövlətinə, müstəqilliyinə nə qədər bağlı olduğunu nümayiş etdirdi. Zəfərə gedən yolda xalqımızın, cəmiyyətimizin bütün yaş qruplarından olan insanların ən gözəl xüsusiyyətləri ortaya çıxdı”.
Ekspert qeyd edib ki, həmin günlərdə cəmiyyətimiz vahid ailə kimi bir hədəfə yönələrək mübarizə aparırdı:
“Zəfər günü azərbaycançılığın, Azərbaycan xalqının mənəviyyatının və mübarizliyinin nümayişi oldu. Zəfər günü Azərbaycanın ərazisində bütün qələbə üçün vacib olan hər şeyin səfərbər edilməsi yönündə atılan addımların ən sonuncu nailiyyəti idi.
Əgər Zəfər günü olmasaydı, əlbəttə, bu gün Azərbaycan xalqının nə Birinci Qarabağ müharibəsində itirilmiş övladların ruhu qarşısında başı dik gəzməyə haqqı qala bilərdi, nə də ki, Azərbaycan xalqı ümumən beynəlxalq arenada, digər millətlərdən olan insanların yanında başını dik tutub gəzə bilməzdi”.
Həmsöhbətimiz vurğulayıb ki, tarixi Zəfərimiz nəticəsində hər bir millət üçün şərəf sayılan dövlətin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu:
“Ona görə Zəfər gününün arxasında torpaqlarımız uğrunda gənclərimizin qanı yatır. Zəfər gününün arxasında millətimizin gələcəyinə nə qədər bağlı olduğu dayanır. Zəfər gününün arxasında bizim dövlətimizin və xalqımızın büyük gələcəyinə çağırışlar var. Ona görə Zəfər gününün həm tarixi olaraq dərindən öyrənilməsinə büyük ehtiyac var”.
Aydın Quliyev fikirlərini belə yekunlaşıdırıb:
“44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərimizi sadəcə kor-koranə sevmək yok, onun məzmununu anlayıb da sevmək lazımdır. Zəfər gününü başa düşərək, anlayaraq sevmək Azərbaycan xalqının mənəvi sərvət və mənəvi dəyərlərindən birinə çevriləcək. Bu, dərk olunmuş Zəfər xalqımızın büyük mənəvi sərvətlərimizdən biri olacaq”.
Pərviz



