İran ABŞ-ın Yaxın Şərqdə hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə Avropadakı Amerika hərbi bazalarına zərbələr endirəcəyi ilə hədələyib. Bu açıqlamalardan sonra sosial şəbəkələrdə Tehranın Kiyev, Lvov və Odessa şəhərlərini də hədəfə ala biləcəyi barədə məlumatlar yayılıb. Lakin Ukrayna tərəfi bu iddiaları təkzib edərək yayılan görüntülərin saxtalaşdırıldığını bildirib.
HİT.az xəbər verir ki, bu barədə “Euronews” istinadən məlumat yayıb.
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əhməd Bəxşayeş Ərdəstani bildirib ki, ABŞ Avropadakı, xüsusilə İtaliya və Almaniyadakı hərbi bazalarından İrana qarşı istifadə edərsə, Tehran həmin istiqamətlərə raket zərbələri endirəcək.
Onun sözlərinə görə, əvvəlki iki müharibə zamanı İran belə addım atmayıb. Lakin bu dəfə Avropa ölkələrinin ABŞ-a dəstəyinin nəticəsiz qalmayacağını vurğulayıb. Deputat hərbi bazalarla yanaşı, Vaşinqtona yardım edən ölkələrin digər maddi və qeyri-maddi obyektlərinin də hədəfə çevrilə biləcəyini istisna etməyib.
Parlamentin Milli Təhlükəsizlik Komitəsinin digər üzvü Fəda Hüseyn Maleki də mümkün eskalasiya zamanı Avropaya zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib.
Ukrayna şəhərlərinin hədəfə alınması iddiası
İran rəsmilərinin açıqlamalarından sonra sosial şəbəkələrdə Tehranın münaqişə yenidən alovlanacağı təqdirdə Kiyev, Lvov və Odessaya da raket zərbələri endirməyi planlaşdırdığı iddia olunub. Bu məlumatı yayan Telegram kanalları İran telekanallarından birinin efirindən götürüldüyü bildirilən xəritənin görüntülərini yayıblar. Həmin görüntülərdə Ukraynanın adıçəkilən şəhərlərinin üzərində partlayış işarələri əks olunub.
Lakin Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bu məlumatı təkzib edib. Qurumun açıqlamasına görə, İran telekanalının orijinal yayımında tamamilə fərqli xəritə nümayiş etdirilib. Sosial şəbəkələrdə yayılan görüntü isə saxtalaşdırılıb.
Mərkəz qeyd edib ki, bu cür saxta məlumatların yayılmasında məqsəd Ukrayna əhalisi arasında İranın mümkün raket hücumları ilə bağlı qorxu və panika yaratmaqdır.
Yaxın Şərqdə yeni müharibə ehtimalı
Qeyd edək ki, “The Wall Street Journal” daha əvvəl Vaşinqtonun Fars körfəzi ölkələrini İrana qarşı hərbi əməliyyatların yenidən başlaya biləcəyi barədə məlumatlandırdığını yazıb. ABŞ-ın regiondakı hərbi mövcudluğunu da gücləndirdiyi bildirilir. “Bild” nəşrinin məlumatına görə, Vaşinqton bölgəyə “USS Theodore Roosevelt” aviadaşıyıcısını və müşayiət gəmilərini göndərib, həmçinin əlavə 10 min hərbçi yerləşdirib.
“Bloomberg” isə İranın mümkün yeni qarşıdurmaya hazırlaşdığını, Rusiyadan raketlər aldığını və öz silah istehsalını davam etdirdiyini yazıb.
Samir


