2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin ən mühüm hadisələrindən biri oldu.
Qarabağın tacı hesab edilən bu qədim şəhərin azadlığı yalnız hərbi-strateji baxımdan deyil, həm də xalqımızın milli-mənəvi dəyərləri, tarixi yaddaşı və mədəni kimliyi baxımından böyük əhəmiyyət daşıyırdı. Şuşanın azad olunması ilə Azərbaycan xalqı illərlə həsrətində olduğu tarixi şəhərinə qovuşdu, Zəfərimizin rəmzlərindən biri olan bu hadisə ölkəmizin tarixində silinməz iz qoydu.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a açıqlamasında bildirib ki, Şuşanın azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından mühüm hadisə olmaqla yanaşı, böyük mənəvi və tarixi əhəmiyyət daşıyır:

“Şuşanın azad olunması Vətən müharibəsinin gedişində həlledici mərhələlərdən biri olub. Şuşanın azad edilməsi sadəcə bir şəhərin Azərbaycanın nəzarətinə qaytarılması demək deyildi. Şuşa milli kimliyimizin, mədəniyyətimizin və tarixi yaddaşımızın rəmzlərindən biridir.
Bu şəhərin mənəvi dəyəri Vətən müharibəsi dövründə özünü daha aydın göstərdi. Şuşanın azad olunması müharibənin gedişində mühüm dönüş nöqtəsi oldu. Təsadüfi deyil ki, bu hadisədən cəmi iki gün sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur qaldı”.
Millət vəkili qeyd edib ki, hazırda Şuşada aparılan bərpa və quruculuq işləri şəhərin tarixində yeni mərhələnin başlanğıcıdır:
“Bu gün Şuşa dirçəlir, yenilənir, burada yeni yaşayış evləri tikilir, infrastruktur bərpa olunur, parklar və istirahət məkanları yaradılır. Prezident İlham Əliyev mütəmadi olaraq şəhərdə görülən işlərlə tanış olur, burada təşkil edilən tədbirlərdə iştirak edir. Şuşa hazırda ikinci həyatını yaşayır. Bu şəhərin azad edilməsi Azərbaycan xalqının gücünü, milli iradəsini və öz torpaqlarını, müqəddəs dəyərlərini qorumaq əzmini nümayiş etdirdi. Eyni zamanda, xalqımızın ərazi bütövlüyünü bərpa etmək uğrunda ən çətin mübarizələrə belə hazır olduğunu bir daha göstərdi”.
Sevinc


