“ABŞ-də 3 noyabr 2026-cı il tarixində keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının həm Nümayəndələr Palatasında, həm də Senatda üstünlük qazanması Prezident Donald Tramp administrasiyasının siyasətinə seçicilərin etirazı sayıla bilər”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Tamilla Qulami Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu nəticə yalnız partiyalararası mübarizənin deyil, həm də Amerika cəmiyyətində formalaşan siyasi və iqtisadi narazılığın göstəricisidir:
“Məğlubiyyətin başlıca səbəblərindən biri kimi iqtisadi vəziyyət qeyd olunur. Tramp hakimiyyətə qayıdarkən inflyasiyanı azaltmaq, qiymətləri aşağı salmaq və amerikalıların sosial rifahını yaxşılaşdırmaq vədləri vermişdi.
Lakin yaşayış xərclərinin yüksək qalması, enerji və ərzaq qiymətləri ilə bağlı narazılıqlar seçicilərin gözləntilərini doğrultmadı. Bundan əlavə, gömrük tarifləri və İranla müharibənin iqtisadi nəticələri də administrasiyaya qarşı narazılığı artıran amillərdən oldu”.
Ekspertin sözlərinə görə, digər mühüm səbəb Trampın xarici siyasət kursudur. Amerika cəmiyyətinin müəyyən hissəsi ölkənin beynəlxalq münaqişələrə daha çox cəlb olunmasını, hərbi əməliyyatları dəstəkləmir:
“Seçici üçün xarici siyasətdəki iddialardan daha çox gündəlik həyatın bahalaşması və təhlükəsizlik məsələləri əhəmiyyət daşıyır. Paralel olaraq, Trampın siyasi üslubu, administrasiyanın idarəetmə qərarları və demokratik institutların qorunması ilə bağlı mübahisələr də seçki davranışına təsir göstərib. Seçkilərdən əvvəl keçirilən “Pew Research Center” sorğusunda Trampın fəaliyyətini dəstəkləyənlərin payı 30 faizə düşmüşdü”.
T. Qulami əlavə edib ki, ABŞ-nin demokratik siyasi sistemi də burada xüsusi vurğulanmalıdır:
“Amerika seçicisi prezidentin partiyasına səs verməklə yanaşı, onun fəaliyyətinə nəzarət etmək və hakimiyyətin balansını qorumaq imkanına malikdir. Aralıq seçkilərin mahiyyəti də məhz budur ki, prezident seçilməsindən iki il sonra cəmiyyət hakimiyyətin fəaliyyətinə yenidən qiymət verir”.
Həmsöhbətimiz qeyd edib ki, Trampın məğlubiyyəti ABŞ-də siyasi legitimliyin yalnız seçkilərdə qazanılan qələbə ilə məhdudlaşmadığını, hakimiyyətin sonrakı fəaliyyətindən də asılı olduğunu göstərir:
“Bu seçkiləri Amerika demokratiyasının institusional mexanizmlərinin, demokratik ölkə idarəetməsinin işləməsinin nümunəsi kimi də deyə bilərik. Seçici hakimiyyətə verdiyi mandatı növbəti seçkilərdə yenidən nəzərdən keçirə bilir. Demokratların qələbəsi isə onlara böyük siyasi məsuliyyət də yükləyir ki, artıq seçicilər yalnız Tramp administrasiyasına etiraz deyil, alternativ idarəçilik və real nəticələr də gözləyirlər”.
Elmir Mustafa



