ABŞ-da aralıq seçkilərdə respublikaçıların ağır məğlubiyyətindən sonra vitse-prezident Cey Di Vens Donald Tramp administrasiyasının siyasətini və ritorikasını açıq şəkildə tənqid etməyə başlayıb. “The New York Times” yazır ki, Vens bununla siyasi məsuliyyəti Trampın qərarlarından ayırmağa və gələcək siyasi karyerası üçün mövqeyini gücləndirməyə çalışır. Bununla belə, onun bu addımları prezidentin razılığı ilə atması ehtimalı da var.
HİT.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Vens sosial şəbəkədəki paylaşımında əvvəllər Donald Trampı dəstəkləyən çoxsaylı seçicilərin bu dəfə Demokrat Partiyasının namizədlərinə səs verdiyini bildirib. Vitse-prezident bunun səbəbləri arasında müharibəni, inflyasiyanı və ABŞ-ın İsraillə münasibətlərinin xarakterinin dəyişdirilməsi istəyini göstərib.
Bu mövqe Trampın indiyədək nümayiş etdirdiyi yanaşmadan fərqlənir. Belə ki, ABŞ prezidenti İranla müharibəni müdafiə edir, yaşayış xərclərinin artması ilə bağlı narahatlıqları əsassız hesab edir və İsraillə yaxın müttəfiqliyini davam etdirir.
Bununla belə, “The New York Times” Vensin açıqlamasının Trampın razılığı ilə verildiyini istisna etmir. Nəşrin məlumatına görə, vitse-prezident paylaşımını dərc etməzdən əvvəl prezidentlə bölüşüb və ondan müsbət reaksiya alıb. Bir neçə saat sonra Tramp jurnalistlərə Vensin qiymətləndirməsinin böyük ölçüdə doğru olduğunu deyib. Bununla yanaşı, İrana zərbə endirməkdən başqa seçiminin olmadığını da təkrarlayıb.
Nəşr hesab edir ki, Vensin bu açıqlamaları Trampın qərarlarından məsafə saxlamaq cəhdi kimi qiymətləndirilə bilər. O, uzun müddətdir Respublikaçılar Partiyasında Trampın mümkün siyasi varisi kimi nəzərdən keçirilir.
Lakin aralıq seçkilərdəki uğursuz nəticələr partiyanın gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Ekspertlərin fikrincə, Vens artıq Trampdan sonrakı siyasi dövrü nəzərə alaraq öz mövqeyini formalaşdırmağa çalışır.
ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pensin aparat rəhbəri olmuş Mark Şort isə Vensin çətin vəziyyətə düşdüyünü düşünür. Onun fikrincə, Tramp vitse-prezidentin bu addımlarından narazı qala və əsas müttəfiqini itirə bilər. Digər tərəfdən, Trampa qarşı olan qüvvələr də Vensdən konkret dəyişikliklər tələb edə bilər.
Samir


