ReAl partiyası qurultaya gedir - Qeydiyyat üçün

SİYASƏT
12:31 / 06.05.2020
1303

Bir müddət əvvəl Azərbaycan iki siyasi təşkilat - Yeni Zaman və Azad Demokratlar partiyaları Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı.

Amma hələ də qeydiyyatı olmayan 20-ə yaxın siyasi var var. Ötən Milli Məclisdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, deputat Razi Nurullayev bu məsələni qaldıraraq rəhbəri olduğu partiyanın qeydiyyata alınmasının zəruriliyini vurğulayıb.

“Mən AXCP-nin qeydiyyata alınmasını tələb edirəm. Bu məsələyə son qoyulsun. Artıq parlamentdə rəsmi olaraq partiya sədri kimi təmsil olunmaq istəyirəm. Bu, mənim və partiya üzvlərinin haqqıdır. Onun üçün də bu məsələyə tezliklə nöqtə qoyulmasının haqqım olduğunu bildirirəm”-deyə, Razi Nurullayev bildirib.

Siyasi səhnədə kifayət qədər aktiv olan Respublikaçı Alternativ Partiyası (ReAl) da qeydiyyatı olmayan siyasi təşkilatlardandır.

Maraqlıdır, ReAl qeydiyyat üçün müraciət edəcəkmi?

ReAl sədrinin müavini Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, qeydiyyatla bağı Ədliyyə Nazirliyinə müraciət etmək üçün öncə qurultay keçirməlidirlər:

“Biz ilk dəfə ötən ilin 16 dekabrına qurultay təyin etmişdik. O zaman yer istədik, amma verilmədi. Ona görə də qurultayla bağlı qərar ertələndi. Ondan sonra da növbədənkənar parlament seçkilər oldu və ardınca da pandemiya ilə bağlı karantin dönəmi başladı. Bütün bunlar qurultayın keçirilməsi məsələsini gecikdirdi. Yəni qurultay bizdən asılı olmayan səbəblərdən gecikdi. İndi də karantin şəraitində insanların bir yerə toplanması ilə bağlı problem olduğu üçün qurultayın keçirilməsi ilə bağlı məsələ hələ də aktual qalır. Əslində biz qurultayın keçirilməsini 28 maya nəzərdə tutmuşduq. Amma karantin bu ayın sonuna qədər uzadılıb. Ola bilər ki, mayın ortalarında yumşalma olsun. Əgər bu olarsa, elə mayın 28-də qurultayımızı keçirib sənədləri Ədliyyə Nazirliyinə göndərmək istəyirik. Yox, əgər bu ay alınmasa, gələn ay karantin rejimi səngiyən kimi təsis qurultayını keçirəcəyik”.

N.Cəfərli qeyd edib ki, onların ilk qurultayının sənədləri nazirliyə təqdim olunmaq üçün keçərli deyil:

“Çünki biz o qurultayı onlayn keçirmişdik. Qanunvericilikdə isə onlayn qurultay anlayışı yoxdur. Ona görə də yenidən qanunverciliyə uyğun olaraq qurultay keçirilməli və sənədlər Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Bizim bütün texniki işlər bitib. Qurultay nümayəndələri seçilib, nizamnamə, proqramla bağlı bütün işlər tamamlanıb. Sadəcə indiki durumla əlaqədər fiziki olaraq qurultayı keçirə bilmirik”.

0