“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı danışıqlar faktiki olaraq 2025-ci ildə yekunlaşıb”.
Bu sözləri Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, tərəflər arasında ümumi bir razılaşma var:
“Lakin nəzərə alaq ki, Ermənistan Konstitusiyasında dəyişiklik məsələsi gündəmdədir. Hansı ki, bu da Azərbaycanın əsas tələbidir. Çünki Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Faktiki olaraq, orada Qarabağın Ermənistana birləşməsi ilə bağlı bəndlər yer alır Üstəlik, Ermənistan Konstitusiyasında da həmin Müstəqillik Bəyannaməsinə istinad edilib. Yəni ortada belə bir dolaşıq məsələ var”.
Siyasətçi vurğulayıb ki, bu səbəbdən də Ermənistan Konsitusiyasının dəyişdirilməsi labüddür:
“Yəni hazırkı Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, gələcəkdə başqaları iqtidara gələndə Konstitusiyaya istinad edərək fərqli addımlar atmağa cəhd edə bilər. Ona görə də bizim tələbimiz Ermənistan Konstitusiyasında dəyişiklik olmasından ibarətdir”.
Elşad Musayev Ermənistanda Konstitusiya dəyişikliyinin haçan olacağı və sülh müqaviləsinin nə zaman imzalana biləcəyi barədə də danışıb:
“Məlum olduğu kimi, ötən ay Ermənistanda parlament seçkiləri keçirildi. Konstitusiya dəyişikliyinin isə ən yaxşı halda təqribən 2027-ci ildə olacağını gözləmək olar. Ermənistan rəhbərliyi mövcud Konstitusiyanı dəyişmək üçün addımlar atmalıdır.
Ondan sonra Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması barədə danışmaq olar. Hesab edirəm ki, istər Ermənistan Konstitusiyasının dəyişdirilməsi, istərsə də sülh müqaviləsinin imzalanması 2027-ci ildə həyata keçə bilər”.
Elmir Mustafa



