Uşaqların heyvanlarla münasibəti…

SOSİAL
23:33 / 14.02.2024
450

Kiçik yaşlarından təbiətlə ünsiyyətdə olmaq uşaqların inkişafı üçün böyük əhəmiyyət daşıyır. Heyvan sevgisi ilə böyüyən uşaq cəmiyyətə daha rahat uyğunlaşır. 

Uşaq psixoloqu Aynur Əliyeva Hit.az-a deyib ki, təbiəti, heyvanları kompüterdən, televiziyadan öyrənən uşaqlar böyüdükcə mərhəmət hissinin varlığından xəbərsiz olurlar. Ev heyvanları ilə ünsiyyət isə çox zaman uşaqlara doğru aşılanmır. Uşaqlar ev heyvanlarını oyuncaq kimi görürlər. Heyvanla qurulan ünsiyyətin uşaq üzərində təsirini unudan valideyinlər uşağa heyvanla istədiyi kimi davranmağa imkan verir: 

“Heyvanı bəsləmək, onu sevmək, ona zərər verməmək, onun yaxşılığını düşünmək, uşağın yalnız heyvanlara olan müsbətini tənzimləmir, eyni zamanda başqalarının varlığının da özününkü qədər qiymətli olduğunu xatırladır. Uşaq, heyvanla ünsiyyət qura-qura başa düşməyə başlayır ki, sevgi almaq, sevilmək üçün sevmək lazımdır. Heyvanlarla ünsiyyət uşağa, insanın təbiətin bir parçası olduğunu başa salır. İnsanlar kimi olmasa da, heyvanın da ağrı çəkə, kədərlənə, sevinə, sevgi və bağlılıq hiss edə bildiyini, xəstələnə bildiyini, hətta bənzər orqanları olduğunu öyrənən uşaq, onu qorxulacaq bir varlıq kimi qəbul etmir. Uşaqlar az ömrülü heyvanlar sayəsində doğum və ölüm haqqında öyrənməyə başlayır. Heyvanlara qarşı olan münasibət uşaqda yoldaşlıq, dostluq duyğusunu inkişaf etdirir. Bu ünsiyyət sayəsində uşaq daha səmimi, daha verici, paylaşmağı bacaran, anlayışlı birinə çevrilə bilir"

Sevinc

0