"Əsl dost insanın hər anında fiziki cəhətdən olmasa belə, mənəvi cəhətdən yanında olmağı bacarandır".
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, əsl dost insanın xoş gününə sevinib, pis günündə onun qədər canı yanandır:
"Həqiqi dost qarşısındakı insanın sözlərini yozmadan və onun dediklərinə mənfi niyyət qoşmadan anlayandır. Sözsüz ki, bu, qarşılıqlıdır. Əgər biz qarşımızdakı insanla alçaldıcı, təhqiredici sözlərlə danışır, onun mənliyinə və qüruruna toxunuruqsa, burada dostluqdan söhbət belə gedə bilməz.
Normal dostluq münasibətləri içərisində deyilən sözlərin arxasında başqa məna axtarılmır. Əgər bunun əksi baş verirsə, deməli qarşımızdakı insanın bizə verdiyi dəyəri ya görmürük, ya da əhəmiyyət vermirik".
Psixoloq qeyd edib ki, bəzən dostluğu restoranlarda yeyib-içmək sayırlar:
"Bəzən onlara çoxlu pul xərcləyən və ya gəzməyə gedilən insanı dost sayırlar. Əslində, bunların heç biri dostluq deyil. Dostluq təkcə maddi tərəfdən asılı olmur. Dostluq mənəviyyatdır, bu duyğunu ruhsal olaraq hiss etməkdir".
Müsahibimiz əsl dostun necə olmalı olduğundan bəhs edib:
"Əgər qarşımızdakı insana güvənə biliriksə, onun bizi anladığını görürüksə, deməli, o şəxs dostumuzdur. Əsl dost hər zaman dostunun yanında olar, hətta səhv edəndə də onu gözəl şəkildə deyər. Hər nə etməyinizdən asılı olmayaraq yanınızda olan insan əsl dostdur.
Dostlar bir-birlərinə bacardıqları qədər yaxşı nələrsə etməyə çalışanlardır. Dostluq maddiyyat üzərində deyil, mənəviyyat üzərində qurulur. Dost insana dəyər qatandır, ona fayda verəndir. Tək dar günündə deyil, ən əsasda xoş gününə öz xoş günü olmuş kimi sevinəndir".
Pərviz